NDU rektoru Elbrus İsayev İordaniyanın Əl-Əl Beyt Universitetinin rektoru Osama Nasirin ilə görüşüb,universitetlər arasında Əməkdaşlıq Memorandumu imzalanıb

NDU rektoru Elbrus İsayev İordaniyanın Əl-Əl Beyt Universitetinin rektoru Osama Nasirin ilə görüşüb,universitetlər arasında Əməkdaşlıq Memorandumu imzalanıb Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev İordaniyanın Əl-Əl Beyt Universitetinin rektoru Osama Nasirin ilə görüşüb, universitetlər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərliyi ilə universitetin nümayəndə heyəti İordaniya Haşimilər Krallığına səfər edib. 20-23 may tarixlərdə baş tutan səfər çərçivəsində rektor İordaniyanın Əl-Əl Beyt Universitetinin rektoru, professor Osama Nasirin ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov, NDU-nun nümayəndə heyəti, Əl-Əl Beyt Universitetinin və səfirliyin rəsmiləri iştirak ediblər.

Səfir Eldar Səlimov ölkələrimizin tarixi keçmişindən söz açıb, Azərbaycan və İordaniya arasında tarixi, mədəni, dini, mənəvi oxşarlıqları nəzərə çatdırıb. Ölkələrimiz arasındakı münasibətlərin dost, qardaş münasibətləri olduğunu vurğulayıb. İki ölkə arasındakı əməkdaşlıq əlaqələrindən bəhs edib.

Rektor Elbrus İsayev görüşdən məmnunluq ifadə edib, təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. Birgə əməkdaşlığın hər iki universitetin həyatında əlamətdar olacağını bildirib, ortaq fəaliyyətlərin irəlidə uğurlu layihələrə yol açacağını, iordaniyalı tələbələrin NDU-da təhsil almalarında maraqlı olduğunu əlavə edib. Rektor Əl-Əl Beyt və NDU arasında əlaqələrin elmin, təhsilin inkişafında yeni fikir və idealar qazandıracağını söyləyib, xüsusilə ərəb dili ixtisasında akademik və tələbə mübadiləsinin, ortaq tədqiqatların planlaşdırıldığını diqqətdə çatdırıb. Rektor Elbrus İsayev NDU-nun beynəlxalq əməkdaşlıqlarından bəhs edib, beynəlmillələşmə istiqamətində güclü tərəfdaşlıqların qurulması, ikili diplom layihələrinin icrası, universitetin əcnəbi tələbə sayının artırılması və tədrisə, tədqiqata cəlb edilən əcnəbi professor sayının artırılmasının əsas məqsədlər sırasında yer aldığını qeyd edib. Bildirib ki, NDU-nun dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var, əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında ön sırada qərarlaşır. Hazırda ali təhsil ocağında 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil aldığını qeyd edən rektor universitetdə Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisasların da olduğunu nəzərə çatdırıb.

Əl-Əl Beyt Universitetinin rektoru, professor Osama Nasirin görüşün hər iki qurum arasında tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək mahiyyətini ifadə etdiyini bildirib. Rektor Osama Nasirin NDU ilə qurulacaq ortaq fəaliyyəti əhəmiyyətli və uğurlu əməkdaşlıq olaraq qiymətləndirib.

Görüşdə əməkdaşlığın inkişafı və tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonra iki universitet arasında birgə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində akademik və elmi əməkdaşlığın təşviqi üçün tərəflər arasında, təcrübə mübadiləsi və birgə elmi iş, tədqiqat, tələbə və professor mübadiləsi, ortaq konfrans və seminarların təşkili, NDU-nun Ərəb dili ixtisasında tədrisə və Ərəb dili mərkəzinə müəllimlərin cəlbi ilə bağlı birgə fəaliyyət planlaşdırılıb.

Sonda görüşdən xatirə olaraq qarşılıqlı hədiyyələr təqdim edilib və foto çəkilib.

Sonra NDU-nun nümayəndə heyəti Əl-Əl Beyt Universiteti ilə Azərbaycan Respublikasının İordaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Günü tədbirində iştirak ediblər. Rektor Elbrus İsayev tədbirdə açılış nitqi ilə çıxış edib. Tədbirdə NDU-nun rəqs qrupu Azərbaycan xalq rəqslərini məharətlə nümayiş etdirib. Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Gününə təsadüf edən tədbir xoş təəssüratlar ilə yadda qalıb.

Eyni gündə NDU-nun nümayəndə heyəti Əl-Əl Beyt Universitetində Azərbaycan Mədəniyyəti Gününə həsr olunan elmi-praktiki konfransda iştirak edib. Konfrans iştirakçılarının sertifikatları rektor Elbrus İsayev tərəfindən də təqdim olunub.

Sonra Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti universitet kampusu və infrastrukturu, müəllim və tələbələr üçün yaradılan şərait, laboratoriyalar, mərkəzlər ilə tanış olublar. Həmçinin nümayəndə heyəti Əl-Əl Beyt Universitetində keçirilən idman yarışlarında iştirak edib, rektor Elbrus İsayev qaliblərə mükafatlarını təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər