ATU-nun tələbəsi müsabiqənin yarımfinalında uğurla çıxış edib

ATU-nun tələbəsi müsabiqənin yarımfinalında uğurla çıxış edib “Famelab yarışması əvəzedilməz təcrübə oldu”
Tələbələr arasında keçirilən Famelab yarışması bu günlərdə başa çatıb. Yarışmanın məqsədi dəqiq elmlər, texnologiya, mühəndislik və tibb kimi sahələrdə təhsil alan və işləyən insanları, bacarıqlı kommunikatorları ortaya çıxarmaqdan ibarət idi.
Sevindirici haldır ki, Azərbaycan Tibb Universitetinin tələbəsi də Britsh Council-un Qafqaz Universiteti ilə birgə keçirdiyi bilik yarışmasında yarımfinal mərhələsinə çıxıb.
ATU-nun II Müalicə Profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Fidan Bəylərova deyir ki, Famelab haqqında elanı görən andan onda yarışmada iştirak etmək həvəsi baş qaldırıb: “Online qeydiyyatdan keçib yarışmaya qazandım. Daha sonra isə yarımfinala vəsiqə qazanan 30 nəfərdən biri ola bildim. 30 nəfərdən yalnız ilk yerləri tutmuş 10 nəfər final mərhələsinə çıxa bilərdilər”.
Fidan Bəylərovanın sözlərinə görə, iştirakçılar 3 dəqiqə ərzində özlərinin seçdiyi müəyyən mövzu haqqında məlumatı qeyri-peşəkar auditoriyaya çatdırmalı olublar. Çıxışlarına 5 nəfərdən ibarət münsiflər heyəti tərəfindən konkret meyarlara əsasən qiymətləndirilib.
ATU-nun tələbəsi "Tibbi simvollar və emblemlər" mövzusu ilə bağlı çıxış edib. O, gündəlik həyatımızda hər birimizin rast gəldiyimiz tibbi simvollar (məsələn apteklərdəki ilan və qədəh təsviri, qırmızı xaç və aypara və s.) haqqında auditoriyaya ətraflı məlumat verib: “Əsasən 4 simvol haqqında qısa məlumat verdim - Asklepi əsası, qədəhə sarılmış ilan, qırmızı xaç və aypara, həyat ulduzu. Bunlardan əlavə ilan təsvirinin tibbi simvolikadakı rəmzi mənası və yeri barədə də ümumi məlumatı auditoriyaya çatdırdım. Təəssüf ki, mövzu çox geniş olduğundan, zamanla bağlı problem yaşadım. Bununla belə, auditoriyanın diqqətini cəlb edə bildim. Çıxışımın mətnini İngilis və Azərbaycan dillərində hazırlamışdım”.
Birinci kurs tələbəsi ola Fidan deyir ki, bu, onun geniş auditoriya qarşısında ilk belə çıxışı olub. Digər yarımfinal iştirakçılarının demək olar hamısı yuxarı kurs tələbələri olublar: “İlk çıxışım olduğu üçün olduqca həyəcanlı idim, amma çalışırdım ki, bunu auditoriyaya və münsiflərə hiss etdirməyim. Final mərhələsinə vəsiqə qazana bilməsəm də, münsiflər tərəfindən müsbət rəy aldım. Onların səsləndirdiyi iradlar isə gələcək fəaliyyətimə yardım olacaq”.
ATU tələbəsi bildirir ki, Famelab yarışması onun üçün bir çox baxımdan əvəzolunmaz təcrübə olub. O, belə tədbirlərdə iştirak etməyin şərtlərini öyrənib, yaxşı vaxt keçirməklə yanaşı, həm də müxtəlif universitetlərin tələbələri arasında yeni tanışlar qazanıb. Fidan Bəylərova gələcəkdə ATU-nun adını daha yüksək pillələrdən səsləndirmək uğrunda çalışacağını bildirir.

ATU-nun Mətbuat Şöbəsi


ATU-nun tələbəsi müsabiqənin yarımfinalında uğurla çıxış edib

Oxşar xəbərlər