
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.
***
Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
Məlumata görə, o, 1976-ci il təvəllüdlü, meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Hazırda yanğın davam edir.
***
Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
***
Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində başlayan, sonradan isti hava və güclü külək səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.
“Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir”, - deyə o əlavə edib.
Tehsil-press.az