
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb:
“Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal olaraq istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir. 10 hektara yaxın ərazini əhatə edən yanğın məhdudlaşdırılıb”.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Tehsil-press.az