Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci
MUSİQİ DÜNYAMIZIN ŞƏRƏF TARİXİ

Musuqi mədəniyyətimizin və musiqi təhsilimizin şərəf tarixi hesab etdiyimiz Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən musiqi kolleci bir əsrdən artıq şərəfli bir ömür yolu keçmişdir. Azərbaycanda ilk musiqi təhsilli müəssisə olan musiqi kolleci Azərbaycan musiqisinin şöhrət və nailiyyət qazanmasında öz xidmətləri ilə yanaşı, musiqi tariximizə yüzlərlə görkəmli bəstəkarlar, ifaçılar, musiqişünaslar, müəllimlər, xanəndələr nəsli yetişdirmiş və onların uğur qazanmasında ilk not təsirli müasir musiqi məktəbi kimi tariə düşmüşdür. İndi Azərbaycanda elə bir şəhər, rayon, qəsəbə, kənd yoxdur ki, onun musiqi və incəsənət məktəblərində, orta məktəblərdə, mədəniyyət evlərində musiqi kollektivlərində kollecin yetişdirmələri, məzunları çalışmasınlar.
Dahi Üzeyir Hacıbəyovun və onun həmkarlarının birgə əməyi sayəsində bu tədris ocağı tədricən təkmilləşmiş, dövlətin qayğıları sayəsində, yeni müəllimlərin fənlərin, metodların, təşəbbüslərin, nailiyyətlərin hesabına öz fəaliyyətini tədricən genişləndirmiş və möhkəmləndirmişdir. Bu gün Musiqi Kolleci artıq müasir tələblərə tam cavab verən, daim yeniləşən və inkişaf edən müasir təhsil müəssisəsidir.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci

Bu günlərədə kollecin direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru Nazim Kazımovla görüşüb kollecin keçdiyi 15 şərəfli yol haqqında məlumat verməsini xahiş etdik. O dedi:
- Milli təhsil sistemimizdə özünəməxsus şərəfli yer tutan, Üzeyir bəy dühası ilə pərvəriş tapan, milli qaynaqlarımız zəminində yetkinləşən Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci böyük və mürəkkəb inkişaf yolu keçmişdir. Bu sənət ocağı Azərbaycanda professional musiqi təhsilinin yaranmasında və inkişafında misilsiz rol oynamış, onlarla dünya şöhrətli bəstəkar və ifaçı yetişdirmişdir.
1895-ci ildə tərəqqipərvər rus ziyalısı, Tiflis musiqi məktəbi və Moskva Konservatoriyasının məzunu Antonina Nikolayevna Yermolayeva öz pianoçu bacıları ilə birgə Bakıda ilk şəxsi musiqi məktəbini açmışdır. Məktəbin ilk müəllimləri pianoçular – Antonina, Yelizaveta və Yevgeniya Yermolayeva bacıları, skripkaçılar İ.Bukinik, P.Yuon, müğənni – S.Lisenko və başqaları olmuşlar.
1901-ci ildə məktəbin bazasında daha təkmil – İmperator Rus musiqi cəmiyyətinin Bakı şöbəsinin musiqi sinifləri açılmış və A.N.Yermolayeva onun direktoru təyin olunmuşdur. 1916-cı ildə Ü.Hacıbəyov və onun ətrafına toplaşan Azərbaycan ziyalıları A.N.Yermolayevanın şəxsi məktəbinin dövlət orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail olmuşlar.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci

1922-ci ildə Xalq Maarif Komissarlığının qərarı ilə Ü.Hacıbəyov məktəb direktoru təyin edilmişdir. Onun rəhbərliyi dövründə məktəbə milli kadrlar ın cəlb olunması prosesi sürətlənmiş, xalq musiqi yaradıcılığına maraq xeyli artmış, gələcəyin professional musiqi kadrlarının hazırlanması üçün geniş imkanlar açılmışdır.
1922-ci il aprelin 22-də Azərbaycan İncəsənət İdarəsinin o vaxtkı rəhbəri bəstəkar M.Maqomayevin və şəxsən Ü.Hacıbəyovun uzaqgörənliyi və səyi nəticəsində məktəb <<Şərq Konservatoriyası>> adlanmağa başlamışdır. Zaman keçdikcə məktəbə qəbul olunanların milli tərkibi də dəyişmiş, azərbaycanlıların sayı artmışdı. Məktəbin ilk tələbələrindən Asəf Zeynallı, Səid Rüstəmov, Xurşud Ağayeva, Əşrəf Həsənov və başqaları sonradan məşhur musiqiçilər oldular.
Bu illərdə məktəb respublikanın şəhər və rayolarında fəaliyyət göstərən musiqi məktəbləri üçün metodiki baza rolunu oynayırdı. Buarada H.Sarabski, Q.Hüseynli, A.Məşədibəyov, A.G.Məmmədbəyli, R.Əfəndiyev, S.Rüstəmov, H.Xanməmmədov kimi məşhur sənətçilər pedoqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Konservatoriyası, uşaq musiqi məktəbləri, bədii özfəaliyyət kollektivləri üçün yüzlərlə yüksək ixtisaslı mütəxəssis yetişdirmişdir.
1953-cü ildə məktəbə onun öz yetirməsi, istedadlı bəstəkar Asəf Zeynallı adı verildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli qərarı ilə 100 illik yubileyi münasibətilə məktəbin statusu dəyişdirilmiş, ona Kollec adı verilmişdir.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci

2011-ci ilin avqust ayından Azərbaycan Milli Konservatoriyası təsis edilmiş və kollec konservatoriya tərkibində öz fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təhsil nazirinin 14 fevral 2008-ci il tarixli 194 saylı əmri ilə Musiqi Kollecinin 110 illik yubileyi keçirilmişdir.
Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında ilk professional musiqi tədrisi ocağı olan məktəb yüzlərlə dünya şöhrətli, xalqımıza baş ucalığı gətirən bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Tofiq Quliyev, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cövdət Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, kimi dahi sənətkarlar yetişdirmişdir. Cəsarətlə deyə bilərik ki, çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin əsası məhz bu təhsil ocağında qoyulmuşdur. Görkəmli xanəndələr – Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Rübabə Muradova, Hacıbaba Hüseynov, məşhur tarzənlər – Qurban Primov, Mirzə Mənsur, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Baba Salahov və başqaları öz ömür və yaradıcılıqlarını bu təhsil ocağına bağlamışlar. Milli mədəniyyətimizin iftixarı olan Arif Məlikov, Tofiq Bakixanov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Zeyneb Xanlarova, Azər Dadaşov, Habil Əliyev, Vaqif Mustafazadə, Rafiq Babayev, Ramiz Mustafayev və digər adlı – sanlı sənətçilər məktəbin yetirmləridirlər.
Fəaliyyəti dövründə məktəbin yetirmələrindən 9 nəfəri (Q. Qarayev, F.Əmirov, Niyazi, A.Məlikov, R.Hacıyev, M.Maqomayev, F.Əhmədov, Z.Xanlarova, L.İmanov) SSRİ xalq artisti, 80-dən çoxu Azərbaycan xalq artisti, 32 nəfər əməkdar incəsənət xadimi, 70-dən çox əməkdar artist, 12 nəfər əməkdar müəllim kimi fəxri adlara layiq görülmüşlər.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci

<<Muğam - 2005>> televiziya müsabiqəsində kollecin tələbələri Təyyar Bayramov 1-ci yer, Babək Niftəliyev 3-cü yeri tutmuş, Elnur Zeynalov , Aytən Məhərromova, Elşad Məmmədov isə diplomlara layiq görülmüşlər.
Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş <<Muğam - 2007>> televiziya müsabiqəsində isə 20 finalçıdan 12 nəfəri kollecin tələbə və məzunlarından ibarət olmuşdur.
2008-2009-cu illərdə Musiqi Kollecinin 4 tələbəsi Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş və adları Azərbaycanın gənc istedadlarının <<Qızıl kitab>>ına daxil edilmişdir.
Hazırda Musiqi Kollecində 6 ixtisas üzrə 15 fənn birləşmə komissiyası fəaliyyət göstərir. Bu struktur bölmələrində 214 əsas və 70 əvəzçi müəllim çalışır. Onlardan 11 nəfəri elmlər namizədidir. Müəllim heyətindən 12 nəfər respublikanın xalq artisiti, 13 nəfər respublikanın əməkdar artisiti, 2 nəfər respublikanın əməkdar incəsənət xadimi, 5 nəfər respublikanın müəllimi yüksək fəxri adı alanlardır.
Musiqi kollecində 6 ixtisas üzrə 1498 tələbə təhsil alır.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci

İftixarla deməliyik ki, dünənki müəllimlərin xalqımız üçün dəyərli əməyini bu gün kollecin müəllimləri şərəflə və yeni tələblər səviyyəsində davam etdirirlər. Keçmişin zəngin təcrübəsi üzərində yeni nailiyyətlər qazanılır, bilikli və peşəkar musiqiçi kadrların tərbiyəsi işi bu gün daha da uğurla həyata keçirilir.
Nazim müəllimlə olan söhbətin sonunda oda bəlli oldu ki, Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin, musiqi təhsilinin inkişafında aparıcı təhsil ocağı kimi rol oynayan Musiqi Kolleci bu gün ölkəmizdə təhsilin inkişafı üçün yaradılmış geniş imkanlar hesabına öz nailiyyətlərini əzmlə davam etdirir. Hazırda Musiqi Kolleci yeni-yeni uğurlara imza atır, möhkəm maddi-texniki bazası ilə, təcrübəli müəllim heyəti, istedadlı tələbələri ilə musiqi tariximizə töhfələr verir.

Əkbər Hüseynzadə

Oxşar xəbərlər