ADU-da müəllimlər günü qeyd olundu

ADU-da müəllimlər günü qeyd olundu Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Həmkarlar Təşkilatının (THT) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “5 Oktyabr-Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş bayram tədbiri keçirildi. Çıxışına Ümummilli lider Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözləri ilə başlayan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov beynəlxalq müəllimlər gününün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı olduğunu vurğuladı. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı reallaşan kompleks tədbirlərin keçirildiyini, mühüm islahatların aparıldığını deyən professor, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etdiyini, təhsil işçilərinə hərtərəfli qayğı göstərməklə dövlətin gələcəyini daha etibarlı və inamlı görmək istədiyini sözlərinə əlavə etdi. O, son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikildiyini, Azərbaycanın bəzi təhsil müəssisələrinin dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmədiyini, hətta onları üstələdiyini ifadə etdi. Təhsil işçilərinin əmək haqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları ön plana çəkən Dünyamin Yunusov peşə bayramı münasibəti ilə müəllimləri təbrik etdi, möhkəm can sağlığı, işlərində uğurlar arzuladı. Daha sonra tədbirin bədii hissəsi öz işinə başladı. ADU-nun “Dalğa” rəqs ansamblı, TGT-nin nəzdində fəaliyyət göstərən musiqi klubu, şən və hazırcavablar klubu, yazarlar klubu öz çıxışları ilə iştirakçılara maraqlı anlar yaşatdılar. Sonda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev təhsil işçilərini təbrik etdi. O, bu əlamətdar günə həsr olunan tədbirin təqdirəlayiq olduğunu söylədi, onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Ələddin Əliyev rektorun əmrinə əsasən təşəkkürlə mükafatlandırılan universitet əməkdaşlarının siyahısı açıqladı. Qeyd edək ki, “5 Oktyabr-Beynəlxalq Müəllimlər günü” münasibəti ilə ADU-nun Müəllim Həmkarlar İttifaqı Komitəsi tərəfindən 97 nəfər əməkdaşa, Tələbə Həmkarlar Təşkilatı tərəfindən isə 10 nəfər tələbəyə pul mükafatı verildi.

ADU-nun Mətbuat Xidməti


ADU-da müəllimlər günü qeyd olundu

Oxşar xəbərlər