Meksikanın səfiri ADU-da tələbələrlə görüşdü

Meksikanın səfiri ADU-da tələbələrlə görüşdü Noyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul etdi.
Daha sonra səfir Rodriqo Labardini universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində təhsil alan tələbələr ilə görüşdü. Görüşün məqsədi Meksikada ənənəvi olaraq hər ilin oktyabr ayının son günü və noyabr ayının ilk iki günü qeyd edilən “Ölülər Günü” haqqında tələbələri məlumatlandırmaq idi.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova müxtəlif regionlar arasında konfliktlərin və ya əməkdaşlıqların baş verməsində mədəniyyətlərin böyük rol oynadığını söylədi. Universitetdə tələbələrin müxtəlif ölkələrin sosial, iqtisadi sahələri ilə yanaşı, onların mədəniyyətləri haqqında biliklərə yiyələndiklərini bildirən J. Qəribova görüşdə Meksika mədəniyyətinə daxil olan “Ölülər Günü” haqqında danışılacağını sözlərinə əlavə etdi.
ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Azərbaycanda ölülərin basdırılması və anılması ilə bağlı keçirilən oxşar mərasimlərdən danışdı. Müxtəlif ölkələrin axirətə inancları haqqında qısa məlumat verən S.Əliyeva Azərbaycanda bu prosesin ibtidai icma quruluşuna təsadüf etdiyini bildirdi. Azərbaycanın milli bayramı - Novruz bayramından öncə qeyd edilən “Yel çərşənbəsi”nin “ata-baba” və ya “ölü çərşənbəsi” adlandırıldığını söyləyən S. Əliyeva bu günün meksikalılardan fərqli olaraq, bayram formasında deyil, daha çox ölüləri yad etmək məqsədi ilə keçirildiyini diqqətə çatdırdı.
Səfir Rodriqo Labardini “Ölülər Günü”nün tarixi, mərasimlərin qeyd edilməsi və bununla əlaqədar digər adət-ənənələr haqqında ətraflı məlumat verdi. Astek mədəniyyətinin ölüm tanrıçası olan Mictecacihuatla həsr edilmiş bu ənənənin Xristianlığın Meksika torpaqlarına gəlməsi ilə yeni formaya düşərək, bu dinə uyğunlaşdırıldığını deyən səfir Rodriqo Labardini bu gün üçün çələnglər, güllər, şamlar, şəkər tozu və şokoladdan skelet başlarının hazırlandığını, müxtəlif yemək və şirniyyatlar, həmçinin “pan de muertos” adı verilən xüsusi çörək növü bişirildiyini vurğuladı. İnsanların bu günü ölülər ilə qeyd etmək üçün qəbiristanlığa getdiyini və karnaval şəklində keçirilən günlərin davam etdiyini söyləyən səfir tələbələri maraqlandıran sualları cavablandırdı.
Daha sonra axirətdən bəhs edən “Sümüklərə kimi” adlı qısametrajlı film nümayiş olundu.

ADU-nun Mətbuat Xidməti


Meksikanın səfiri ADU-da tələbələrlə görüşdü

Meksikanın səfiri ADU-da tələbələrlə görüşdü

Meksikanın səfiri ADU-da tələbələrlə görüşdü

Oxşar xəbərlər