Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib Ulu öndər Heydər Əliyevin vəfatından 13 il ötüb. Hər il olduğu kimi, dekabrın 12-də insanlar axın-axın Fəxri xiyabana gələrək, Ulu Öndərin məzarı önündən keçiblər.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında hərbçiləri, əmək kollektivlərinin, təhsil müəssisələrinin nümayəndələrini, hər yaşda olan insanları görmək olardı. Onların sırasında gənclər üstünlük təşkil edirdi. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz sevgisindən və ehtiramından xəbər verirdi.
Tehsil-press.az-ın müxbirləri anım mərasimlərində iştirak edən insanlardan müsahibələr alıblar. Onların hər biri müasir tariximizdə silinməz iz qoymuş bu böyük insan haqqında ürək sözlərini dilə gətirib, Ümummilli Liderin parlaq xatirəsinin yaddaşlarda daim yaşayacağına əminliyini ifadə edib.
Ulu öndər Heydər Əliyev gənclərə xüsusi qayğı ilə yanaşır, onları xalqın gələcəyi hesab edirdi. Gənclərə böyük etimad bəsləyən Ümummilli Lider savadlı nəsil yetişməsinə, milli kadr potensialının formalaşmasına çalışır və buna nail olurdu. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyinə hesablanmış mütəxəssislər yetişdirilməsi idi. Həmin illərdə keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbində təhsil almağa minlərlə azərbaycanlı gənc göndərilmişdi.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətinin əməkdaşı Cavid Rəhimov deyib: Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə yönəlmişdi. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarının bəhrələrini görür. Böyük dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti gənclər üçün örnəkdir. Gənclərimizə böyük ümidlər bəsləyən Ümummilli Liderimiz dönə-dönə deyirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Məhz buna görə də Heydər Əliyev gənclərlə bağlı məsələləri öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün Azərbaycan gəncləri Ulu Öndərin xatirəsini daim dərin hörmət və ehtiramla yad edirlər.
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Nigar Ağayeva deyib: “Bu gün Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin xidmətlərini unuda bilmərik. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ümummilli Lider gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə xüsusi önəm verirdi. Müstəqil dövlətimizə sevgi, vətənpərvər gənclərin yetişməsi, gənc siyasətçilərin, yüksək ixtisaslı kadrların hazırlanması ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Biz ondan vətəni sevməyi, vətənə layiqli övlad olmağı öyrənirik”.
Ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışan Seymur Ramazanov dahi şəxsiyyətin bu sahədəki əvəzsiz xidmətlərini xatırladıb: Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral - Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə göstərilən diqqət və qayğı nəticəsində biz ölkənin ictimai həyatında fəal iştirak edirik.
Müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Bu ilin aprel döyüşləri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiqlədi.
Fəxri xiyabana gələn “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti müstəqil siyasət yürüdərək sülhün və əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verir. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanın dinamik inkişaf prosesi başladı. Bu gün Azərbaycan dünyada güclü dövlət kimi tanınır. Ümummilli lider Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Bu gün Azərbaycanın güclü, ən müasir standartlara cavab verən nizami ordusu var. Müstəqilliyimiz əbədi, daimi və dönməzdir. Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ulu öndər Heydər Əliyev ideyalarını uğurla davam etdirir. Azərbaycan dövləti qüdrətləndikcə, gücləndikcə biz ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin mənasını daha dərindən anlayırıq.
Ümummilli Lider bütün sahələr kimi, ekoloji problemlərin həllini də daim diqqət mərkəzində saxlayırdı. Onun hakimiyyəti dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində mühüm işlər görülüb, dövlətin məqsədyönlü ekoloji siyasəti formalaşıb. Xüsusən müstəqillik illərində bir sıra qanunvericilik aktları - meşə, torpaq, su haqqında və digər qanunlar qəbul edilib. Ətraf mühitin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2001-ci ilin mayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin aparıcı mühəndisi Məmməd Orucov bu barədə danışaraq deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycanın ekoloji problemlərinin həllinə, nadir təbiət abidələrinin qorunub saxlanmasına xüsusi fikir verir, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə qayğı ilə yanaşırdı. Tükənməz enerji sahibi olan Heydər Əliyev Azərbaycanın bütün bölgələrini gəzir, ölkəmizin təbiəti ilə yaxından tanış olurdu. Ümummilli Liderin əziz xatirəsi qədirbilən xalqımızın, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Nazim Hümbətov bildirib ki, Ulu Öndər hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edərkən ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələləri ilə ciddi məşğul olurdu. Hazırda Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə mövcud yaşıllıqların böyük hissəsi vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ümummilli Liderin misilsiz xidmətləri var. Dahi rəhbər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimiz bu gün də dahi liderin ideyalarından güc alır.
Bu fikirləri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək üçün Fəxri xiyabana gəlmiş yazıçı-publisist Qurban Hüseynoğlu səsləndirib. O deyib: Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanmasında və inkişafında müstəsna rolu var. Hazırda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Dahi” adlı poema üzərində işləyirəm və əsərim bu yaxınlarda işıq üzü görəcək. Ulu Öndər şairlərin, yazıçıların, bəstəkarların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Yaradıcı insanlar onun ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi qayğıdan həmişə minnətdarlıq hissi ilə danışırlar.
Heydər Əliyevi sevdirən ən başlıca xüsusiyyətlərdən biri də onun sadə, zəhmətkeş adamlara qayğısı, həssas münasibəti idi. Ulu Öndər tez-tez əməkçilərlə görüşür, onlarla səmimi söhbət edir, bu insanları diqqətlə dinləyirdi. Təsadüfi deyil ki, bu görüşlər xatirələrdə silinməz iz buraxıb və daim xatırlanır.
Dəmiryolçu Dilən Qədimoğlu Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: Artıq on üç ildir ki, hər il dekabrın 12-də Fəxri xiyabana gələrək ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarət edirəm. Bu, Azərbaycan vətəndaşı kimi mənim borcumdur. Qazaxda anamla birlikdə “Heydər Əliyev bağı” və “Heydər Əliyev bulağı”nı yaratmışam. Ümummilli Liderimizlə ilk dəfə 1994-cü ildə görüşmüşəm. Aradan 22 il keçsə də, bu görüşü unutmamışam. Heydər Əliyev çox səmimi insan idi. Belə bir dahi insanın itkisi hamı kimi, mənim üçün də çox ağırdır.
Ulu öndər Heydər Əliyev, sözün əsl mənasında, xalqın böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. Azərbaycanı müstəqil dövlət kimi tanıtdı, iqtisadiyyatı, mədəniyyəti, elm və təhsili inkişaf etdirmək üçün böyük səylər göstərirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində respublikamız bütün SSRİ məkanında ön mövqelərə çıxmışdı.
Müxbirlərimizlə Fəxri xiyabanda etdiyi söhbətdə Ulu Öndərin elm və təhsil sahəsində xidmətlərini xatırladan Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun professoru Qüdrət İsaqov deyib: “Ulu öndər Heydər Əliyev respublikanın inkişafına yönəlmiş bir çox perspektivli layihələrin müəllifidir. Bu böyük şəxsiyyət hələ sovet dövründə Azərbaycanı müstəqil enerji istehsalçısına çevirmək istiqamətində mühüm işlər görüb. Respublikada onlarla yeni zavod və müəssisələr tikilməsinə nail olub. Heydər Əliyev müdrik siyasətçi kimi hələ o vaxt Azərbaycanı müstəqilliyə hazırlayırdı. Ölkənin elm və texnika sahəsi də onun hakimiyyəti illərində sürətli inkişaf dövrünü yaşayıb. Mənə 1993-cü ilin yanvarında bu dahi şəxsiyyətlə Naxçıvanda görüşmək səadəti nəsib olub. Mənimlə xeyli söhbət etdi. Həmin görüşün təsiri altında Heydər Əliyevə həsr etdiyim kitab işıq üzü görüb. Söhbət əsnasında Naxçıvanın energetika sahəsində yaşadığı problemlər barədə də danışdıq. Sonradan Ulu Öndərin İran və Türkiyə rəhbərləri ilə əldə etdiyi razılıq nəticəsində muxtar respublikanın enerji təminatı yaxşılaşdı”.
Dahi rəhbər Heydər Əliyevin adı Azərbaycan tarixinə həm də xalqın xilaskarı kimi yazılıb. Bu barədə söhbət açan Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov fikrini belə ifadə edib: “Azərbaycanın qazandığı bütün nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri var. Ulu Öndər elm və təhsilə xüsusi önəm verir, bu sahəyə diqqət və qayğısını heç vaxt əsirgəmirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkəmiz sürətlə inkişaf edir. Biz alimlər dünyada nüfuz və söz sahibinə çevrilən Azərbaycanın gələcəyinə böyük inamla baxırıq”.
Ulu Öndər xalqımızın xeyriyyəçilik, humanistlik kimi nəcib ənənələrinin dirçəldilməsinə nail oldu. Hakimiyyətə qayıdışının ilk illərində bu ənənələrə söykənən Qızıl Aypara Cəmiyyətini yaratdı. Bu barədə söhbət açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə deyib: “Hələ ölkəmiz üçün çətin olan 1994-cü ildə ümummilli lider Heydər Əliyev Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi və onun milli struktur kimi tanınması barədə xüsusi Sərəncam imzaladı. Bu təşkilat Ulu Öndərin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdu. Bu gün Fəxri xiyabana gələn Cəmiyyətin nümayəndələri Heydər Əliyevin bu xidmətlərini minnətdarlıq hissi ilə xatırlayır, Ulu Öndərin parlaq xatirəsi qarşısında baş əyirlər”.
İnsanların Fəxri xiyabana axını bütün gün ərzində davam edib. Buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gələn ziyarətçilər belə bir yekdil fikirdə idilər ki, Azərbaycanın qazandığı bütün uğurların əsasında Heydər Əliyevin müdrik siyasəti dayanır. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmiz inkişaf edir, müstəqilliyimiz daha da möhkəmlənir, ictimai-siyasi sabitlik qətiyyətlə qorunur.
Dekabrın 12-də Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərdi ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə Ulu Öndər yenə də xalqı ilə birlikdədir və onun parlaq ideyaları gələcəyə gedən yollarımızı işıqlandırır.


Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edibAzərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Oxşar xəbərlər