ADU-nun tələbəsi Günel Məlikova: “Yaponiyada məşhur azərbaycanlı iş qadını kimi tanınacağıma inanıram”

ADU-nun tələbəsi Günel Məlikova: “Yaponiyada məşhur azərbaycanlı iş qadını kimi tanınacağıma inanıram” “Mənə görə uğur qazanmaq inanmağa bərabərdir”. Bu sözlərin müəllifi təhsilini davam etdirmək üçün “Gündoğan ölkə”yə-Yaponiyaya gedən Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının III kurs tələbəsi Günel Məlikovadır. 14 fevral 1997-ci ildə Bakı şəhərində anadan olmuş G.Məlikova ADU-nun Yaponşünaslıq ixtisasını seçməsinin səbəbini uşaqlıq çağlarından Yaponiyaya olan marağı və gələcək həyatında nə isə yaxşı hadisələrin olacağını duyması ilə əlaqələndirir.
Tələbəmizin yapon dili ilə bağlı ilk uğuru 2015-ci ilin oktyabr ayında Azərbaycanda keçirilən Yapon dili Natiqlik Müsabiqəsində 16 iştirakçı arasında 2-ci yeri qazanması olub. Uğurunun davamı kimi isə o, 2016-cı ilin iyun ayında Belarusda keçirilən GUAM ölkələri Yapon dili Natiqlik Müsabiqəsində fərqlənmə sertifikatına layiq görülüb. O, deyir ki, ixtisasına, universitetinə və təbii ki, Yaponiyaya olan sevgisi və inamının bu uğurlarda böyük payı var. Əslində əvvəlcə yapon dilini öyrənmək çətin gəlsə də əsla ruhdan düşməyib, öhdəsindən gələcəyinə inanıb.
Tələbə mübadiləsi proqramı vasitəsi ilə Yaponiyaya gedən G.Məlikova Azərbaycandan 7000 km uzaqlıqda yerləşən bir ölkədə təhsil aldığı üçün özünü şanslı hiss edir: “Xaricdə oxumağı planlaşdırdığınız zaman önünüzdə bir çox seçimlər olur, amma bəzən maddiyyat, yaşam standartları buna imkan vermir. Mən çox şanslı bir tələbəyəm ki, Azərbaycandan 7000 km uzaqlıqda yerləşən bir ölkədə-Yaponiyada bir illik təhsil almaq şansını qazandım. Və bu şansı mənə Azərbaycan Dillər Universiteti yaratdı. Hazırda Yaponiyanın ən məşhur texnologiya universitetlərindən biri kimi tanınan və böyük kampusa malik olan Tsukuba Dövlət Universitetinin “Humanity and Culture Science” fakültəsində təhsil alıram”.
ADU ilə Tsukuba Universiteti arasındakı təhsil sisteminin fərqindən danışan G.Məlikova Yaponiyada dərslərin və saatların azad şəkildə seçildiyini vurğulayır. O, qeyd edir ki, orada dərslər yapon və ingilis dilində keçirilir.
G.Məlikovanın sözlərinə görə, Tailand, Çin, Fransa, Moldova və s. kimi ölkələrdən olan qrup yoldaşları ilə münasibəti çox yaxşıdır, boş vaxtlarında kitabxanada birlikdə dərs oxuyur, tənəffüs zamanı birlikdə yemək yeyirlər.
“Yaponiya mənim üçün ideal bir ölkədir və həmişə də elə olacaq”
Tələbəmiz deyir ki, Yaponiyaya gəlməzdən əvvəl yapon dilini mükəmməl səviyyədə bilməsə də, orada yapon dilini öyrənməkdə, yeni tələbəlik həyatına alışmaqda, eyni zamanda fərqli cəmiyyətə adaptasiya prosesində və ilk dəfə ailəsindən uzun müddət ayrı qalmasında ona kömək olan ən böyük amil öz xəyallarına bağlılığı olub.
Yaponiyanın çox sakit mühitə, mehriban, səmimi, mədəni və istiqanlı xarakterli insanlara, ecazkar təbiətə malik gözəl bir ölkə olduğunu bildirən G.Məlikovanın sözlərinə görə, orada yaşadığı 6 aylıq müddət ərzində “Gündoğan ölkə” haqqında çox gözəl təəssüratları yaranıb: “Mühit, insanlar, davranış qaydaları və təbii ki, təhsil sistemi mükəmməldir. Tam əminliklə deyə bilərəm ki, yaponlar kimi mədəni millət yoxdur. İnsanların hamıya qarşı istiqanlı münasibət bəsləməsi çox gözəl təəssürat bağışlayır. Mənim günümün 60 faizi universitetdə keçir. Universitetin kitabxanasında dərs oxumağı çox sevirəm. Boş vaxt tapan kimi kitabxanaya gəlirəm və müxtəlif kitablardan nələrsə öyrənməyə çalışıram. Burada mən Yaponiyanın milli idman növü olan kendo ilə məşğul oluram. Əvvəlcə mənə asan gəlsə də, əslində çox çətin bir idman növüdür. Müəllimim Kan San məni çox səbrlə və dəqiqliklə öyrədir. İki aydan çoxdur bu idmanla peşəkar şəkildə məşğul oluram və hətta Azərbaycanda davam etdirmək istəyirəm”.
Yaponiyadakı mənəvi ailəsi haqqında ürəkdolusu danışan G.Məlikova onlarla birlikdə yaşadığını, gəzdiyini, əyləndiyini və xoş keçən gözəl anlara görə yalqızlıq hiss etmədiyini deyir. Ona yapon yeməkləri bişirməyi öyrədən mənəvi anası Nori San tələbəmizi insanlara öz qızı kimi təqdim edir. Bu gözəl münasibətlər və davranış onun Yaponiyaya yenidən qayıtmaq həvəsini birə-beş artırır.
Məşhur Çin mütəfəkkiri Konfutsinin sözlərinə görə, qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər. Tələbəmizin də gələcəklə bağlı planları bu qəbildəndir. O, ADU-da təhsilini başa vurduqdan sonra magistr təhsili almaq üçün Yaponiyaya qayıtmaq, yapon dilini mükəmməl şəkildə mənimsədikdən sonra tərcüməçi və ya hansısa yapon şirkətində işləmək, hətta Yaponiyanın məşhur azərbaycanlı iş qadını kimi tanınmaq arzusundadır.

ADU-nun Mətbuat Xidməti


ADU-nun tələbəsi Günel Məlikova: “Yaponiyada məşhur azərbaycanlı iş qadını kimi tanınacağıma inanıram”

ADU-nun tələbəsi Günel Məlikova: “Yaponiyada məşhur azərbaycanlı iş qadını kimi tanınacağıma inanıram”

ADU-nun tələbəsi Günel Məlikova: “Yaponiyada məşhur azərbaycanlı iş qadını kimi tanınacağıma inanıram”

Oxşar xəbərlər