Vaşinqtonda Azərbaycan mədəniyyətinin təntənəsi davam edir

Vaşinqtonda Azərbaycan mədəniyyətinin təntənəsi davam edir Azərbaycanın ABŞ-dakı Səfirliyi ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirmək üçün öz qapılarını geniş ictimaiyyət üçün açıb. Gün ərzində yağışlı hava şəraitinə baxmayaraq min nəfərdən çox qonaq Səfirliyi ziyarət etmişdir. Ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları iştirak edib.
Səfirlikdən Təhsil-press.az-a verilən məlumata görə, səfirliyə təşrif buyurmuş çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Daha sonra qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrin füsunkar təbiəti və göz oxşayan yerlərdən bəhs edən video çarxlar nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat verilmiş və onların sualları cavablandırılıb.
Ziyarətçilərdə Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurmuşdur. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və s. kimi rəqs nümunələri açıq havada və Səfirliyin binasında qonaqlara nümayiş etdirilmiş və ziyarətçilərin bir çoxu rəqqasələrlə birlikdə yallı gediblər.
Bundan başqa, Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilmiş və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılmışdır. Nahar zamanı qonaqlara təklif edilən plov süfrəsi onlara xüsusi heyranlıq hissi oyadıb.
Bu festival Vaşinqton meriyası tərəfindən “Dünya boyu Səfirliklər Turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunmuşdur. Azərbaycanın ABŞ-dakı Səfirliyi ardıcıl olaraq 5 ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə bu il qeyd olunan festivalda 72 ölkənin səfirliyi iştirak edib.
Qeyd edək ki, Səfirlik Azərbaycan mədəniyyətinin təbliği məqsədilə silsilə tədbirlərdə iştirak edir. Xatırladaq ki, 26 apreldə keçirilmiş “Macy’s Global Fashion” mədəni tədbiri çərçivəsində 38 ölkə səfirliyi arasında “Ən yaxşı milli geyim" adlı müsabiqədə qalib gələn Azərbaycanın milli geyimi bir ay ərzində Vaşinqtonun mərkəzində yerləşən məşhur “Macy’s” ticarət şəbəkəsinin vitrinlərində sərgilənməkdədir.

Təhsil-press.az

Oxşar xəbərlər