Ceyhun Aslanov ABŞ-da seçkilərə necə təsir edib? - Rusiyadan “trol” araşdırması

Ceyhun Aslanov ABŞ-da seçkilərə necə təsir edib? - Rusiyadan “trol” araşdırması Rusiyanın “RBK” nəşri 27 yaşlı azərbaycanlının ABŞ-da keçirilən prezident seçkilərinə necə təsir etməsi ilə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, ABŞ-da keçirilən seçkilərin nəticələrinə müdaxilə etmək üçün Rusiyanın mərkəzi Sank-Peterburqda yerləşən “trollar fabriki”nə iki ildə 2 milyon dollar, 100-ə yaxın işçi və təxminən 6 milyon sosial şəbəkə istifadəçisi lazım olub.
Nəşr yazır ki, seçkiqabağı kampaniyaya “rus trolları” hələ 2015-ci ildən başlayıblar. Bir il sonra isə daha aktiv mərhələyə keçiblər. “Trol fabriki”nin “Amerika bölməsində” 80-90 nəfər çalışıb. “Trollar” həftədə 1000 mətn, foto və video yaradıb onu müxtəlif sosial şəbəkələrdə paylaşıblar. Həmin sosial şəbəkə hesablarından daxil olan “fabrik” işçiləri 6 milyon istifadəçiyə öz paylaşımlarını təqdim ediblər.
Onların yarısı feysbuk istifadəçiləri olublar. Reklam sayəsində isə həmin say günə 20-30 milyon insana çıxa bilirdi. Əsas paylaşımlar isə ABŞ-da irqçilik, LGBT, Texasın ayrılması və sərbəst silah gəzdirmə hüququna aid idi.
“Amerika bölməsi”ndə maaş 55 min rubldan başlayır (təxminən 963 dollar), 2000 dollara qədər yüksəlirdi. Bu bölməyə rəhbərliyi isə 27 yaşlı azərbaycanlı Ceyhun Aslanov edirdi. Lakin o özü RBK-ya açıqlamasında “trollar”la əlaqəsini inkar edib. Lakin RBK əlində Aslanov tərəfindən yaradılan və orada “fabrikin” ABŞ-da gördüyü işlərin aralıq yekunlarına həsr olunmuş Telegram-çat mesajı olduğunu qeyd edib.
Aslanovun kimliyinə gəlincə, o, Hidrometeorologiya Universitetində iqtisadçı olaraq təhsil alıb. 2009-cu ildə bir neçə ay ABŞ-da səfərdə olub. Bu vaxt ərzində Nyu-York və Bostona, 2011-ci ildə isə Londona gedib. Aslanovun feysbuk hesabı olsa da, sonrada bloklanıb. Lakin o, “troll” izi aşkarlandığı üçün feysbuk tərəfindən qəsdən bloklandığına dair nəşrin sualını cavablandırmaqdan imtina edir.
RBK jurnalı Facebook, Instagram və Twitter-də 2017-ci ilin avqust-sentyabrında ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı başladılan araşdırma nəticəsində bloklanan 118 cəmiyyət və hesabın siyahısını əldə edib. Həmin səhifə və qrupların hamısı Sank-Peterburqda Savuşkina küçəsində “troll fabriklərinin” mərkəzləşdiyi evdən idarə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər