Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənir

Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənir Rusiya Federasiyasının Belqorod Dövlət Milli Tədqiqat Universitetinin nümayəndə heyəti UNEC-də səfərdədir.
UNEC rektoru, professor Ədalət Muradov qonaqlara universitetin inkişaf strategiyasının istiqamətlərini açıqlayıb. O bildirib ki, dünya səviyyəli universitetlər sırasında olmağı hədəfləyən UNEC, xaricdə filialı olan və dörd dildə təhsil verən yeganə Azərbaycan ali təhsil müəssisəsidir. Rektor UNEC-in QS-in “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşdığını, iqtisadyönümlu universitetlər sırasında isə regionun 4-cü ən yaxşı universiteti olduğunu diqqətə çatdırıb. Ə.Muradov qonaqlara UNEC-də tətbiq edilən Elektron Universitet Modeli və Differensial Əməkhaqqı Sistemi barədə ətraflı məlumat verib.
UNEC-də yaradılan Rus İqtisad Məktəbində 9 ixtisas üzrə kadr hazırlığının həyata keçirildiyini bildirən rektor tələbələrin Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsinə göndərildiklərini diqqətə çatdırıb. UNEC-in qabaqcıl Rusiya universitetləri ilə əlaqələrinin müsbət istiqamətdə inkişafına diqqət çəkən rektor, yüksək keyfiyyətli rusdilli iqtisadçı kadrların hazırlanması üçün Rusiya federasiyasının digər universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
UNEC-lə tanışlıqdan məmnunluğunu ifadə edən Belqorod Dövlət Milli Tədqiqat Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Vladislav Kuçmistıy universitetin beynəlxalq əlaqələr sahəsində əldə etdiyi uğurları müsbət dəyərləndirib. O, UNEC-in dünyanın tanınmış universitetləri ilə ikili diplom proqramı sahəsində uğurlu təcrübəsini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbində keçirdiyi görüşlərdən söz açan V.Kuçmistıy UNEC tələbələrində çox yüksək akademik səviyyə müşahidə etdiyini diqqətə çatdırıb.
Görüşdə təhsil və elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonaqlar UNEC təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildiriblər. Müzakirələrdən sonra tərəflər arasında elmi və tədris sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, tərəflər müəllim-tələbə mübadiləsi həyata keçirəcək, birgə yay və qış məktəbləri təşkil edəcəklər. O cümlədən elmi əməkdaşlığın qurulması və tədrisdə qabaqcıl metodların inkişafı istiqamətində birgə addımlar atılacaq, elmi seminar və konfranslar təşkil olunacaq.

İctimaiyyətlə Əlaqələr Şöbəsi


Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənirRusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənirRusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənir

Oxşar xəbərlər