“Tələbə yaxşı nəticə göstərmirsə cəzalandırılır”

“Tələbə yaxşı nəticə göstərmirsə cəzalandırılır” ABŞ-ın Texas A&M Universitetinin professoru Bahar Dadaşova: “Amerikalı tələbələrin qarşısında bir problem var: oxumaq, öyrənmək”
Hazırda bütün dünyada elm və təhsilin sürətli inkişafını müşahidə edirik. Elm və texnologiya sahəsində üstün olan ölkələr indi dünyada bütün sahələrdə öncül yerlərdədir. Bu baxımdan ölkəmizdə də elmə, təhsilə göstərilən qayğı, gənclərimizin elmi tədqiqatlara yönləndirilməsi xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulur. Çox sevindirici haldır ki, ölkəmizdə elm və təhsilə artan diqqətin nəticəsində gənclərimiz dünyanın inkişaf etmiş ölkələrində, beynəlxalq miqyasda formalaşmağa, uğurlar qazanmağa, mühüm elmi nailiyyətlərə imza atmağa başlayıblar. Onlardan biri də hazırda ABŞ-ın Texas Universitetində elmi tədqiqatlar aparan Bahar Dadaşovadır.
Bahar Dadaşova 1983-cü il oktyabrın 24-də Salyan rayonunun Aşağı Kürkənd kəndində anadan olub. Həmin kəndin tam orta məktəbini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olub. İstedadı nəzərə alınaraq universitetin xüsusi istedadlar qrupuna və tələbə elmi cəmiyyətinə cəlb olunub. Tələbəlik illərində ingilis dilində keçirilən mühazirə və seminarlarda fəal iştirak edib, özünün yüksək elmi potensiala malik bir gənc olduğunu nümayiş etdirib. 2004-cü ildə bakalavr təhsilini qırmızı diplomla başa vuraraq Portuqaliyanın Novo Lissabon Universitetinin magistraturasına daxil olub. 2007-ci ildə magistratura təhsilini uğurla başa vuran B.Dadaşova təhsilini İspaniyanın Carlos III de Madrid Universitetinin doktoranturasında davam etdirib. O, burada riyaziyyat mühəndisliyi ixtisası üzrə elmi işçi kimi fəaliyyətə başlayıb. Gənc doktorant öz tədqiqatlarında yol qəzalarının başvermə səbəbləri və onların aradan qaldırılmasının optimal həll yollarını araşdırıb. Elmi nəticələri 2012-ci ildə dünyanın nüfuzli elmi nəşrlərindən olan “Elsevier” jurnalında dərc olunub. 2009-2014-cü illərdə İspaniyanın Madrid Politexnik Universitetində doktor assistenti kimi 5 il ərzində elmi-tədqiqatlarını davam etdirir. 2014-cü ildə doktorluq elmi dərəcəsi üzrə dissertasiya işini uğurla müdafiə edib. Gənc alimin tədqiqatları Amerika mütəxəssislərinin diqqətini cəlb edib və o, ABŞ-ın nüfuzlu Texas A&M Universitetinə dəvət alıb. Gənc alimlə söhbətimizə elmi uğurlarının bazası olan orta məktəb illərindən körpü saldıq.
"Atam mənim riyaziyyatçı olmağımı istəyirdi”
- Orta məktəbdə hansı fənlərə daha çox maraq göstərirdiniz? Gələcəkdə hansı peşənin sahibi olmağı arzulayırdınız?
- Məktəbin birinci sinfinə 1990-cı ildə getmişəm. Əlifba və vurma cədvəlini mənə ibtidai təhsilə başlamamış anam öyrətmişdi. Hələ uşaq ikən anam tarix kitablarını oxuyardı, mən də öyrənərdim. Uşaqlıqdan məndə xarici dövlətlərə, oradakı həyat tərzinə maraq yaranmışdı. Hələ aşağı siniflərdə oxuyarkən atam məni evdə məşğələ keçdiyi uşaqlarla birgə oturdardı. Sən demə o, məndə riyaziyyatdan nəsə fərqli xüsusiyyətimi hiss etmişdi. Müstəqil tapşırıqlar verildikdə mən onları asanlıqla həll edirdim. Bu qabiliyyətimə görə atam mənim riyaziyyatçı olmağımı istəyirdi. Yuxarı siniflərə keçdikcə, fənlərin sayı artdıqca məndə elmə qarşı hədsiz dərəcədə maraq, daha dərindən öyrənmək ehtiyacı yaranırdı. Yadımdadır, ilk dəfə coğrafiya dərsini keçəndə məndə dünyanı gəzmək, o ölkələrdə olanları görmək və öyrənmək arzusu baş qaldırdı. 2000-ci ildə orta məktəbi bitirərək 647 balla o vaxtkı Azərbaycan Dövlət İqtisad İnstitutuna (indiki UNEC) daxil oldum. Peşə seçimində mənə böyük dəstək olan əziz müəllimlərimə, xüsusən də anama minnətdaram.
İspaniyanın nəqliyyat naziri qarşısında doktorluq elmi işimi müdafiə etdim
- Artıq uğurlu gənc alim kimi fəaliyyət göstərirsiniz. Sizin Azərbaycandan ABŞ-a uzanan elm yolunuz necə başladı?
- Qeyd etdiyim kimi, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinə, 2004- cü ildə isə iqtisadiyyat üzrə Portuqaliyanın Novo Lissabon Universitetinin magistraturasına daxil oldum. 2007-ci ildə Madridin Carlos III Universitetində riyazi mühəndislik magistraturasına qəbul aldım. Magistraturanı bitirdikdən sonra İspaniyanın Madrid Politexnik Universitetinin doktoranturasına daxil olaraq təhsilimi davam etdirməyə başladım. Avropada təhsil bizim təhsildən çox fərqli idi. Yalnız sən elmi yolla, öz üzərində işləməklə dünya elminə, sivilizasiya tarixinə və orada tədqiqatlara uyğun bilikləri əldə etməklə irəliləyə bilərdin. Hələ doktorantura illərində əldə etdiyim elmi nəticələri dünyanın məşhur jurnallarında çap etdirirdim. Elmi rəhbərimin, universitet rəhbərliyinin müxtəlif ölkələrdən gəlmiş saysız -hesabsız tələbə, magistr, eləcə də doktorantlara qayğı və diqqəti nəticəsində ərsəyə gələn layihələrimizdən əldə olunan gəlirlər həm universitetə, həm də bizə xeyli fayda verirdi. Universitet müxtəlif nazirliklərin sifarişi əsasında elmi-tədqiqat işləri apararaq böyük layihələr hazırlayır və onun əsasında özünü maliyyə cəhətdən təmin edirdi. Ona görə də universitetə dərin biliyə malik kadrlar lazım olurdu.
2014-cü ildə doktorantura təhsilimi başa vuraraq böyük komissiyanın, tərkibində təmsil olunan İspaniyanın nəqliyyat nazirinin, universitet rəhbərliyinin və başqa məşhur alim-professorların iştirakı ilə “Dinamik statik modellər yol qəzalarının analizi üçün: metod və hesablama vasitələri (alətləri)” mövzusunda doktorluq elmi işimi müdafiə etdim. Və mən mühəndislik üzrə fəlsəfə elmləri doktoru oldum. Mən həm də azərbaycanlı olduğuma görə yad bir ölkədə heç kimin köməyi olmadan öz gücümlə bu adı almağımla, doğma Azərbaycanım üçün bir hədiyyə etdiyimdən çox qürurlandım. 2015-ci ildən Texas A&M Universitetinin Nəqliyyat İnstitutunda, (Texas Transportation Institute) elmi tədqiqat işləri ilə məşğul oluram.
Əzmkarlığım, inamım həmişə köməyimə çatıb
- Xaricdə elmi fəaliyyətiniz zamanı hansı çətinliklərlə rastlaşdınız? Kimlər sizə dəstək göstərdi?
- Həyatda hər bir insan üçün olan çətinliklər, əlbəttə ki, mənim də həyatımda olub. İstər şəxsi, istərsə də elmi işlərimlə bağlı təhsil həyatımda. Amma valideynlərim və bacımla qardaşım həmişə mənə dəstək olub. Onlar məni həmişə ruhlandırıblar. Anam həmişə, demək olar ki, hər gün mənimlə əlaqə saxlayıb. İradəcə möhkəməm. Əzmkarlığım, inamım həmişə köməyimə çatıb. İspaniyada təhsil alarkən direktorluq və elmi rəhbərim, eləcə də həmkarlarım və dostlarım tərəfindən diqqət və qayğı görmüşəm. İndi çalışdığım universitetdə də rəhbərlik və dostlarım mənə həmişə arxa, dayaq olurlar.
Qəzaların səbəblərini araşdırmaqla minimuma endirmək yollarını tapırıq
- Bir qədər elmi və pedaqoji fəaliyyətiniz barədə danışardınız. Hansı mövzular üzərində işləyirsiniz?
- Mən hazırda ABŞ-ın Texas A&M Universitetinin Transport İnstitutunda elmi-tədqiqat işləri ilə məşğul oluram. Tədqiqat obyektimiz əsas olaraq bu gün dünya miqyasında bəşəriyyəti narahat edən, nəqliyyat sistemində baş verən qəzaların başvermə səbəblərini araşdıraraq öyrənmək və qəzaların minimum həddə endirmək yollarını axtarıb tapmaqdır. Müasir dövrdə dünya nəqliyyat sistemində hər gün milyonlarla insan müxtəlif səbəblər üzündən həyatını itirir. Biz alimlərin əsas məqsədi bu acınacaqlı halların qarşısını almaqdan ötrü layihələr hazırlamaqdır. Biz bu layihələrlə müxtəlif ştatlarda, müxtəlif ölkələrdə alim və mütəxəssislərin iştirak etdiyi konfranslara, elmi tədbirlərə qatılır, öz layihələrimizi təklif edir, əlaqələr yaradırıq. Güman edirəm ki, həmin problemlər bizim respublikamızda da mövcuddur. Məqalələrim nəqliyyat və statistika üzrə impakt-faktorlu (1-5) jurnallarda dərc olunub. İndi mən müxtəlif layihələr üzərində işləyirəm. Məsələn, təbii sürücülük dataları (Naturalisticdriving study) və böyük datadan (Big data) istifadə edərək modellər hazırlayırıq. Bu layihələrdən gələcəkdə sürücüsüz avtomobillərə tətbiq məqsədi ilə istifadə olunacaq. Bundan əlavə, yol işlərində iqtisadi xərc və gəlirlər haqqında layihələrə baxırıq. Bu layihələrdən biri Azərbaycanda nəqliyyat sisteminə həsr olunmuşdu. Bu layihədə müasir texnologiyaların tranzitə tətbiqi məsələsi diqqətdədir.
Burada təhsilin praktik tətbiqinə geniş yer verilir
- Siz baza orta təhsilini Azərbaycanda almısınız. ABŞ təhsili ilə müqayisədə nələri qeyd edə bilərsiniz?
- Mən orta məktəbi sovet təhsil sistemində oxuyub bitirmişəm. ADİU-da xüsusi istedadlar qrupunun (XIQ) ilk tələbələrindən olmuşam. Bu qrupda təhsil ABŞ sistemi üzrə qurulmuşdu. Bu gün Azərbaycanın təhsil sistemində böyük islahatlar gedir. Bu islahatları dəstəkləyirəm. Təbii olaraq proses çox ağır gedir, belə də olmalıdır. Uzun illər diktə şəklində fəaliyyət göstərən təhsili dünya təhsil sisteminə uyğunlaşdırmaq üçün, əlbəttə, çox vaxt tələb olunur. Əgər biz dünya sistemində qabaqcıl təhsil sisteminə inteqrasiya etmək istəyiriksə, əlbəttə, düşüncə tərzimiz həmin qabaqcıl, inkişaf etmiş xalqların bu gün malik olduğu düşüncə tərzinə yaxınlaşmalı, müstəqil şəkildə işləmək qabiliyyətimiz olmalıdır.
Təbiidir ki, bu aparılan dəyişikliklər istər orta məktəb şagirdinin, istərsə də ali məktəb tələbəsinin əldə etdiyi bilik və bacarıqlara öz təsirini müsbət mənada göstərəcəkdir. Amerikada təhsilin praktik tətbiqinə geniş yer verilir. Alimlərin bütün bilik və bacarıqlarını üzə çıxarmaq üçün onlara müstəqil imkanlar daha çox verilir.
Yalnız bir yol var - bilik əldə etmək
- Amerikalı tələbələri fərqləndirən hansı keyfiyyətləri qeyd edərdiniz?
- Amerikalı tələbələrin qarşısında bir problem var: oxumaq, öyrənmək. Çox ciddi yanaşmalar var. Tələbələr qarşısında qoyulan tələblər onları qeyri-obyektiv nələrsə haqqında düşünmələrinə, düşdükləri problemin asan bir yolla aradan qaldırmalarına imkan vermir. Yalnız bir yol var - bilik əldə etmək. Məsələn, tələblərdən biri belədir: əgər tələbə təsadüfən oxumursa, yaxşı nəticə göstərmirsə, o, rəsmi şəkildə qanuni olaraq universitet tərəfindən maliyyə cəhətdən cəzalandırılır. Bu cür üsullar tələbələrdə motivasiya yaradır.
Elm cəsarət, zəhmət tələb edən bir yoldur
- Siz ilk dəfə elmi fəaliyyətə başlayan gənclərə nələri məsləhət görərdiniz?
- Üzləşdikləri çətinliklər onları qorxutmasın. Uca bir zirvəyə qalxmaq istəyirsənsə, o yolda məqsədinə çatana qədər hər bir əziyyət ola bilər. Əlbəttə, söhbət elmi bilik əldə etmək və olduğun mühitin çətinliyindən gedir. Daim işləməli, axtarışda olmalısan. Daha çox mütaliə etməlisən. Ən azı rus, ingilis dilini, öz dilini mükəmməl bilməlisən ki, geniş, həm də dərin bir elmi axtarışlar dairəsinə çıxa biləsən.
Öz istəyini, məqsədini hədəfə düzgün yönəltmək üçün insanın özünün malik olduğu və sonradan qazandıgı xüsusiyyətlərin, şəxsi hisslərinin, dünyagörüşünün böyük əhəmiyyəti vardır. Elm yolu cəsarət, özünə inam, doğru yolda olmaq inamı, zəhmət tələb edən bir yoldur. Həm də düşünməlisən ki, sənin əldə etdiyin yeni elmi nəticələrin cəmiyyətə, təbiətə, canlı varlıqlara əhəmiyyəti varmı? Sənin yeni nəticələrinin insanların rifahı üçün bir əhəmiyyəti olacaqmı?
- Sizin həyat deviziniz nədir?
- Seçdiyin yolda əlindən gələni əsirgəmə.
- İnsanlarda hansı xarakterik xüsusiyyətləri daha çox qiymətləndirirsiniz?
- Pozitivlik və ətrafinda olan insanlara hörmətlə yanaşmaq.
- Gənc alim olmaq asandır, ya çətin?
-Nə qədər o zirvəni fəth etməmisən, zirvəyə gedən yol çox çətin görünür.
- Gələcək planlarınız necədir?
- Böyük layihələrim var. Məqsədim bu layihələrlə dünyanın böyük dövlətlərində konfranslar, elmi məclislər təşkil edib orada çıxışlar etmək və çalışdığım sahədə özümə yer tutmaqdır.

Oruc MUSTAFAYEV


Oxşar xəbərlər