Xalqının yaddaşında ölməzliyə qovuşmuş dahi bəstəkar

Xalqının yaddaşında ölməzliyə qovuşmuş dahi bəstəkar Bu günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiy­yətlərlə zənginləşdirilməsi və dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar Qara Qarayevin 100 illik yubileyi təntənəli surətdə qeyd olunur. 100 il bundan öncə məşhur həkim Əbülfəz Fərəc oğlu Qarayevin ailəsində dünyaya göz açan Q.Qarayev uşaqlıqdan böyük qayğı və məhəbbətlə əhatə olunaraq nümunəvi tərbiyə və mükəmməl təhsil alır. Kiçik yaşlarında oğlunda fitri musiqi istedadını aşkar edən anası – dövrünün ziyalı qadınlarından olan Sona xanım onu musiqi məktəbinə qoyur. Bu məktəbdə dərs deyən Üzeyir bəy bir gün Sona xanımla görüşərkən deyir: “Sona xanım, sənin yaxşı kompozitor oğlun var imiş”. Ananın “Yəni belə ola bilər?” sualına Üzeyir bəy qətiyyətlə “Yox, olacaq, kompozitor olacaq!” deyə cavab verir. Üzeyir Hacıbəylinin peyğəmbər­cəsinə dediyi bu sözlər illər keçdikdən sonra tarixi sübutunu tapdı.
Dahi Üzeyir məktəbindən dərs almış Qara Qarayev sonralar mütərəqqi qərb və rus musiqisinin, o cümlədən böyük Şostakoviç məktəbinin professional sənət incəliklərinə yiyələnərək xalqımızın dahi ustad bəstəkarlarından biri səviy­yəsinə yüksəldi.
Məqalələrinin birində “Biz hamımız xalq musiqi yaradıcılığını Üzeyir Hacıbəylidən öyrənmişik. Bu istedadlı pedaqoqun sinfində muğam strukturasının zərifliyi arxasında təkcə estetik yox, həm də məntiqi qaydaların diqqətlə düşünülmüş sistemi və gözəlliyin gizləndiyini ilk dəfə dərk etdik” yazan Q.Qarayev Hacıbəylinin yaradıcılığının timsalında milli folklorun bəstəkarlar qarşısında yeni aləm – cəsarətli axtarışlar, novator kəşflər aləmi açdığını qeyd edir. Başqa bir müəllimi – D.D.Şostakoviçi də Qarayev eyni məhəbbətlə xatırlayır: “Yaradıcılığımızdakı və şəxsi həyatımızdakı çətin anlarda Dmitri Dmitriyeviçdən aldı­ğımız əvəzsiz, müdrik məsləhətlər bizə çox şey vermişdir”. Bu iki böyük müəllimi haqqında Qarayevin söylədiyi fikirlər onun yaradıcılığının hansı böyük sənətkarların təsiri altında formalaşdığı barədə düzgün təsəvvür oyadır.
Azərbaycan musiqi tarixində görkəmli bəstəkar, pedaqoq, ictimai xadim kimi yer tutan Q.Qarayev Azərbaycan və SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı kimi fəxri adlara layiq görülmüşdür. Klassik və müasir musiqinin, Şərq və Qərb musiqisinin uğurlu sintezini yaradan bəstəkar müasir Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. “Müasirlik mənim qəlbimi daha çox həyəcanlandırır” deyə etiraf edən bəstəkar məzmun, forma, musiqi dili etibarilə əsl mənada müasir musiqi əsərləri yaratmışdır. Bu əsərlər milyonlarla ürəkləri hərarəti ilə, emosionallığı ilə fəth etmiş, müasirliyi, fəlsəfiliyi ilə düşündürmüşdür. Bu musiqi əsərləri ABŞ-da, İngiltərədə, Fransada, Almaniyada, Misirdə, Türkiyədə, Rusiyada, Polşada, Çexiyada, Rumıniyada və başqa bir çox ölkələrin səhnələrində uğurla səslənmişdir. Öz yaradıcılığına olduqca tələbkarlıqla yanaşan, dövrün müxtəlif istiqamətli cərəyanları ilə üzləşən Qarayev Qərbin musiqi sistemlərini, texnologiyasını öyrənmiş və bu işə məsuliyyətlə yanaşaraq, böyük zaman, güc, enerji sərf etmişdir. Məsələn, bir çox əsərlərində dodekofoniya yazı texnikasından istifadə edən bəstəkar heç bir zaman milli yara­dı­cı simasını, milli özünəməxsusluğunu itirməmiş, yeni dildə müasir dövrün ruhunu əks etdirmişdir.
Bəstəkarın hər bir yeni əsəri musiqi həyatında əlamətdar hadisə, bayrama çevrilmiş, incəsənətdə dönüş yaratmışdır. “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, Üçüncü simfoniya, skripka və orkestr üçün konsert, “Don Kixot” simfonik lövhələri, “Leyli və Məcnun” simfonik poeması, “Çılğın Qaskoniyalı” musiqili komediyası və bu kimi əsərləri ilə Q.Qarayev Azərbaycan musiqisini dünya səviy­yəsində tanıtdırmışdır.
Q.Qarayevin baletləri, əsası Ə.Bədəlbəyli tərəfindən qoyulmuş Azərbaycan balet sənətinin inkişafında yeni bir mərhələ sayılır. Bəstəkarın ifadəli palitrası, dramaturji duyumu, parlaq sənətkarlığı, orijinal yazı üslubu, musiqinin rəqs formaları ilə simfonizm prinsiplərinin sintezi – bunlar hamısı Qarayev baletlərinin dünya şöhrəti qazanmasını təmin etmişdir. “Yeddi gözəl” baletində klassik irsə - Nizami poeziyasına müraciət edən bəstəkar “İldırımlı yollarla” baletində cənubi Afrika yazıçısı Piter Abrahamsın müstəmləkəçilik, köləliyə qarşı mübarizə prob­lemlərini işıqlandırmışdır. Forma, orkestrləşdirmə, harmoniya, polifonik yazı üslubunun mahir bilicisi kimi görkəmli sənətkarın xoreoqrafiya janrında rus klassik balet sənətinin ənənələrinə əsaslanaraq yaratdığı baletlər ümumdünya arenasına cəsarətlə çıxaraq klassik musiqimizin qızıl fonduna daxil olmuşdur.
Yaradıcılığında Nizami, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Şekspir və Servantes, Puşkin və Ömər Xəyyam, Lermontov və Lope de Veqa obrazlarına müraciət edən Qarayev, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının da əsərlərindən ilhamlanmışdır. Afrikadan Vyetnama qədər müxtəlif xalqların musiqi folkloru Qarayevin yaradıcılıq laboratoriyasında işlənərək yeni keyfiyyət almışdır. Bəstəkarın müxtəlif xalqların həyatını əks etdirən, müxtəlif millətlərin musiqi folkloruna əsaslanan əsərlərini dinlədikdə belə Azərbaycan nəfəsini duymamaq mümkün deyil. Bəstəkar özü də bu barədə belə yazırdı: “Bəzən yaradıcılıqda milli ənənələr sövq-təbii meydana çıxır. Mən ispan, bolqar, Vyetnam mövzuları əsasında musiqi yazıram. Mənə isə deyirlər ki, bu əsərlərdə mənim milliyyətimin, mənim Azərbaycan əllərimin izi qalır”. “İldırımlı yollarla” baletinin musiqisi, alban rapsodiyası, Vyetnam süitası, “Don Kixot” simfonik lövhələri, bir sıra dram əsərlərinə və kinofilmlərinə yazdığı musiqi bu fikirləri təsdiq edir.
Alovlu vətənpərvər Qarayevin yaradıcılığında Vətən möv­zusu xüsusi yer tutur. İkinci simfoniya, C.Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək mahnısı” kantatası, “Bizim partiya”, “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir. Qarayev bir sıra kinofilmlərə və dram əsərlərinə musiqinin müəllifidir. Bunlardan “Xəzər dənizçiləri haqda dastan”, “Vyetnam” sənədli kino filmi, V.Şekspirin Əzizbəyov adına Azərbaycan Dram Teatrında qoyulmuş “Qış nağılı”, Nazim Hikmətin Moskvanın Yermolova Dram Teatrında oynanılan “Qəribə adam” pyesi, V.Şekspirin “Otello”, “Antonio və Kleopatra” faciəsi, “Dənizi fəth edənlər”, “Tarixin dərsi”, “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə” filmlərinə yazdığı musiqi yüksək professionalizmi ilə diqqəti cəlb edir. Son illərdə Q.Qarayevin oğlu bəstəkar Fərəc Qarayevlə birlikdə məşhur ispan rəssamı Qoyyanın həyatına həsr edilmiş filmə yazdıqları musiqi öz çərçivəsini aşmış, dahi bəstəkarın anadan olmasının 100 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən böyük tədbirdə simfonik orkestr və xorun ifasında “Qoyya” simfoniyası səsləndirilmiş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qoyya” baleti böyük uğurla nümayiş olunmuşdur.
Q.Qarayev dahi bəstəkar olmaqla yanaşı Azərbaycan musiqi elmində mütəfəkkir alim kimi şərəfli yer tutur. O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur. Onu da qeyd etmək lazımdır ki, müəllimi Üzeyir Hacıbəylidən sonra Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü məhz Qara Qarayev seçilmişdir. Alim bir çox xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda və simpoziumlarda sovet dönəmindəki musiqimizin ləyaqətli nümayəndəsi kimi ehtiraslı, alovlu çıxışları, musiqimizin ən aktual problemləri ilə zəngin məruzələri ilə dəfələrlə çıxış etmişdir. Bəstəkar Vaqif Mustafazadənin, eləcə də Rafiq Babayevin iştirakı ilə apardığı caz haqqında maraqlı mühazirələri, Şönberq, Berq, Vebern, Messian, Lütoslavski, Stravinski və başqa bu kimi müasir Qərb bəstəkarları haqqında tələbələrinə verdiyi bilikləri, məlumatları dolğun, son dərəcə maraqlı idi.
İstedadlı pedaqoq Qara Qarayev bəstəkarlıq məktəbinin ye­tir­­mələri V.Adıgözəlov, A.Mə­likov, X.Mirzəzadə, F.Əlizadə, O.Zül­füqarov, T.Bakıxanov, P.Bül­bül­oğlu, M.Mirzəyev, M.Quli­yev, L.Vaynşteyn, F.Qarayev, C.Abbasov, R.Həsənova kimi bəstəkarların hər biri özünəməxsus dəst-xətti, yüksək professionallığı ilə seçilirlər. Bu, Qarayev məktəbinin əsas xüsusiyyəti idi.
Fəal ictimai xadim kimi Qara­yev, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri və SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, dəfələrlə SSRİ Ali Sovetinə deputat (IV,VI,VII çağırış) seçilmiş, Sülh uğrunda Müdafiə Komitəsinin üzvü, P.İ.Çaykovski adına Skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin jüri üzvü və s. ictimai vəzifələrdə çalışmışdır.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qara Qarayevin professional musiqi təhsilində 30-cu illərdə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda oxuduğu illər onun istedadlı musiqiçi kimi formalaşmasında mühüm rol oynamışdır.
Biz, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi kollecinin müəllim və tələbə heyəti, fəxr edirik ki, Qara Qarayev kimi ölməz bəstəkar məhz bizim tədris müəssisəsinin məzunu olmuşdur.
Qara Qarayev musiqisinin qeyri-adi cazibə qüvvəsi milyon­larla ürəkləri hərarətiylə fəth edir, qəlbləri qürur və iftixar hissi ilə doldurur. Gözəl bəstəkar, ictimai xadim, həyata hədsiz dərəcədə vurğun olan bir insan kimi Qara Qarayev Azərbaycan xalqının yaddaşında ölməzliyə qovuşmuşdur. Onun yüksək humanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və yaşayacaq.

Nazim KAZIMOV,
Əməkdar incəsənət xadimi,
professor

Oxşar xəbərlər