Azərbaycan Turizm və Menecment Universitetində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması başlıca vəzifələrdəndir

Azərbaycan Turizm və Menecment Universitetində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması başlıca vəzifələrdəndir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsilin inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı ciddi addımların atılması prosesi davam edir. Bununla bağlı artıq bir sıra beynəlxalq təşkilatlarla danışıqlara başlanılıb. ATMU-da Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Milli Kvalifikasiya Çərçivəsi (MÇK)” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov universitetdə dünya standartlarına cavab verəcək təhsil mühitinin daha da inkişafı istiqamətində atılan ciddi addımları diqqətə çatdırıb. O, dərslərin keçirilməsi zamanı müasir texnologiyanın tətbiqi, tələbələrin biliklərinin qiymətləndirilməsi və tədris prosesinin təşkili üçün elektron sistemin inkişafı ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Həmçinin Boston modeli çərçivəsində ATMU-nun tədris planlarının dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə məsləhətli şəkildə yenidən qurulması və sənayenin tələblərinə uyğunlaşdırılması prosesinin icrası vəziyyətindən danışıb. Vurğulanıb ki, ATMU-nun bazasında turizm üzrə MBA proqramının yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Artıq bu ildən MBA üçün müxtəlif ixtisaslara 60 yer ayrılıb. 2018-2019-cu tədris ilində bu ixtisaslar üzrə tədrisin təşkili həyata keçiriləcək.
ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekan müavini Hüseyn Həsənov tələbələrin biliklərinin qiymətləndirilməsi və ümumi təhsil standartları barədə geniş məruzə ilə çıxış edib.
Görüşdə, həmçinin təhsil müəssisələri qarşısında duran ən mühüm və ən aktual məsələlərə toxunulub. Sənaye və təhsil arasında boşluğun minimuma endirilməsi, tədris prosesində sənaye ağırlıqlı tədris planlarının tətbiqi, yeni ixtisasların yaradılması və təsdiqi prosesində sənaye ehtiyaclarının düzgün qiymətləndirilməsi və nəzərə alınması, eləcə də təhsilin müxtəlif səviyyələri arasında uyğunluq, ixtisasların seçilməsi zamanı daha ümumidən xüsusiyə keçid prinsipinin tətbiqi ilə bağlı strateji məsələlər və planlaşdırılma prosesi müzakirə olunub.

Hüseyn Şərifov


Azərbaycan Turizm və Menecment Universitetində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması başlıca vəzifələrdəndir

Oxşar xəbərlər