ADPU-da pedaqoji təcrübənin yekun konfransı keçirilib

ADPU-da pedaqoji təcrübənin yekun konfransı keçirilib Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əyani təhsilalma forması üzrə təhsil alan IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin yekun konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyinin müvafiq idarələrinin təmsilçiləri, ümumtəhsil müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə universitetin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar, sonra konfrans öz işini Böyük Akt zalında davam etdirib. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tələbələri pedaqoji təcrübəni başa vurmaları münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Bildirib ki, builki pedaqoji təcrübə forma və məzmununa görə fərqlənib. Pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında statistik məlumatlar əsasında çıxış edən E.Aslanov bildirib ki, tələbələr təhsil ixtisasları qrupuna daxil olan ali təhsilin bakalavriat səviyyəsinin ixtisasları üzrə 2014-cü ildə təsdiq olunmuş təhsil proqramlarına (standartlara) uyğun olaraq 14 həftəlik pedaqoji təcrübə keçiblər. Tələbələr ilk dəfə 14 həftə və çoxtərəfli müqavilələrə əsasən Təhsil Nazirliyinin 126 məktəbində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 329 məktəbində, 24 liseydə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 344 məktəbəqədər təhsil müəssisəsində və 6 özəl müəssisədə, o cümlədən filiallar üzrə 34 məktəbdə, Abşeron, Xızı və Şirvan Milli Parkı istiqamətində çöl təcrübəsi keçiblər. Əyani təhsilalma forması üzrə 1885 nəfər, qiyabi təhsilalma forması üzrə 166 nəfər, filiallar üzrə 582 nəfər tələbə olmaqla cəmi 2472 nəfər bakalavr və 415 nəfər magistr pedaqoji təcrübədə olublar. Cari tədris ilində 63313 saat dərs yükü məktəblərdə təşkil olunan metodika dərslərinə ayrılıb. Dosent E.Aslanov qeyd edib ki, pedaqoji təcrübənin yüksək səviyyədə keçirilməsinə nail olunub. Tələbələr pedaqoji təcrübədə fəal iştirak ediblər. Təcrübəçi tələbələr birinci həftədə hazırlıq işlərini görməyə, dərslərı müşahidə etməklə vaxtı səmərəli bölərək sınaq və açıq dərsləri sərbəst hazırlamağa vaxt qazanıblar. Təcrübəçi tələbələrin ardıcıl olaraq 12 qiymətləndirilən dərsi keçmələri onlara bir sıra bacarıqlar əldə etməyə kömək edib. Belə ki, onlar standart dərs tiplərindən kənara çıxaraq qeyri-standart dərslərin (ekskursiya, laboratoriya məşğələsi, dəyirmi masa, debat, disput və s.) də təşkilinə imkan əldə ediblər. Tələbələr fənn bölmələrinin sonunda təşkil edilən kiçik summativ qiymətləndirmələrdə iştirak etməklə onların keçirilməsi qaydalarını öyrəniblər. Bu da onların gələcək peşə fəaliyyətlərində içtirak və icra edəcəkləri təlim prosesinin ardıcıllığını təmin edib. Həftə ərzində bir sınaq dərsinin keçirilməsi tələbələrin ciddi hazırlaşmalarına, resursları əldə etmələrinə və arzuladıqları səviyyədə keçmələrinə imkan verib. Məktəbdə bir sınaq dərsinin təşkili tələbənin öyrənmək, bacarmaq məqsədilə şagirdlərlə, təhkim olunduğu siniflə pedaqoji işlər, o cümlədən sinif saatı, tərbiyəvi söhbətlər aparmasına, şagirdlərlə yaxından ünsiyyət qurmasına, onları dərindən tanımasına, onlar üzərində psixoloji tədqiqatların və s. aparılmasına şərait yaradıb. Təcrübəçi tələbələr və məktəbin kollektivi üçün metodistin əsas məsələlərdən biri olan fəal təlim metodlarının tətbiqi il açıq dərsi təşkili olunub. Təcrübəçi tələbələrin fəal iştirakı ilə məktəblərdə müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib. Metodistlər isə pedaqoji təcrübədə daha geniş fəaliyyət göstərmək imkanı qazanıblar. Pedaqoji təcrübənin sonuncu həftəsində hesablar dinlənilib, müəllim və tələbələrin fəaliyyəti qiymətləndirilib. Bütün bunları nəzərə alaraq demək olar ki, 14 həftəlik pedqoji təcrübə tələbələrə müəllim kimi yetişmələrinə, fasilitatorluq bacarıqları əldə etmələrinə əlverişli şərait yaradıb və tələbələrə pedaqoji fəaliyyət uğurları bəxş edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyev çıxış edərək ölkəmizdə aparılan təhsil islahatlarının təhsilin inkişafına və mütəxəssis hazırlığına müsbət təsir etdiyini bildirib. Qeyd edib ki, gələcəkdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi pedaqoji təcrübənin daha səmərəli təşkili üçün ADPU ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Konfransda SABAH qruplarının tələbələri qazandıqları bilik və bacarıqları, həmçinin müəllimlik peşəsinin müqəddəs, şərəfli və məsuliyyətli peşə olduğunu əks etdirən səhnəcik və slayd-şou göstəriblər.
Konfransda çıxış edən Məktəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbəsi Fidan Hacıyeva, İbtidai təhsil fakültəsinin tələbəsi Şahanə Məmmədli, Riyaziyyat və informatika fakültəsinin tələbəsi Günay Quliyeva, Fizika və texnologiya fakültəsinin tələbələri Könül Məmmədli, Nigar Rəhimli, həmçinin Filologiya fakültəsinin, Kimya və biologiya fakültəsinin, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin tələbələri pedaqoji təcrübə ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə, eləcə də pedaqoji təcrübə keçdikləri məktəblərin direktorlarına, pedaqoji təcrübə rəhbərlərinə, müəllimlərə, metodistlərə təşəkkür ediblər. Tədbirdə “Müəllim andı” səsləndirilib.
Konfransda 2017-2018-ci tədris ilində əyani təhsilalan IV tədris ili tələbələri arasında keçirilmiş pedaqoji təcrübəyə dair sosioloji sorğunun nəticələri açıqlanıb.
Konfransda yekun sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafında müəllimlərin də mühüm rolu var. Müasir dövr qarşımızda yeni tələblər və vəzifələr qoyur. Bilik və bacarıqlar çağdaş dövrün tələblərinə uyğun qurulmalıdır. Biz Azərbaycan məktəbinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün vicdanla, ləyaqətlə fəaliyyət göstərməliyik. Bununla biz ölkəmizin daha da inkişaf etməsinə, dövlətimizin güclənməsinə öz töhfələrimizi vermiş olarıq. Siz bu işi layiqincə davam etdirməlisiniz. Rektor çıxışının sonunda tələbələrə uğurlar arzulayıb və onlara həmişə ADPU-nun adını uca tutmağı tövsiyə edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da pedaqoji təcrübənin yekun konfransı keçirilibADPU-da pedaqoji təcrübənin yekun konfransı keçirilibADPU-da pedaqoji təcrübənin yekun konfransı keçirilib

Oxşar xəbərlər