BDU-da tələbələrin pedaqoji təcrübələrinin yekunlarına həsr olunmuş konfrans keçirilib

BDU-da tələbələrin pedaqoji təcrübələrinin yekunlarına həsr olunmuş konfrans keçirilib Bakı Dövlət Universitetində 2017/2018-ci tədris ilində buraxılış kurs tələbələrinin pedaqoji təcrübələrinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Rektor Abel Məhərrəmov BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində hər tədris ilinin sonunda pedaqoji təcrübələrin keçirilməsinin yekunlarına həsr olunmuş müzakirələrin aparıldığını söyləyib. Lakin bu il daha geniş şəkildə, yəni orta məktəb və lisey direktorlarının, sinif rəhbərlərinin və BDU-nun pedaqoq, psixoloq və müvafiq ixtisaslar üzrə metodist müəllimlərinin iştirakı ilə konfransın təşkil edildiyini qeyd edib.
Rektor cari tədris ilində universitetdə 9 ixtisas üzrə pedaqoji kadr hazırlığının həyata keçirildiyini, bu ixtisaslarda təhsil alanların ümumi sayının 4040 nəfər təşkil etdiyini, onlardan 914 nəfərinin buraxılış kurs tələbələri olduğunu, təcrübələrin fevral-may aylarında üçtərəfli müqavilələr əsasında reallaşdığını diqqətə çatdırıb. Akademik A.Məhərrəmov orta məktəb və lisey rəhbərlərinə tələbələrə təcrübə müddətində yaratdıqları əlverişli şəraitə görə təşəkkür edib.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın moderatorluğu ilə davam edən tədbirdə BDU-nun Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri, dosent Adil Xasayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov, “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov, Yasamal rayonu 158 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Qərənfil Bəxtiyarova, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi, tarix fənni üzrə metodist, dosent Mətanət Məmmədova və BDU-nun Tətbiqi–riyaziyyat kafedrasının müəllimi, informatika fənni üzrə metodist, dosent Sadiq Həşimov çıxış ediblər. Onlar “Pedaqoji təcrübənin aparılma səviyyəsi və texnologiyası”, “Pedaqoji təcrübə - müəllim kadrları hazırlığının ilk mərhələsi kimi”, “Pedaqoji təcrübənin təşkili və keçirilməsi”, “Pedaqoji təcrübənin aparılması və gedişinə nəzarət”, “Pedaqoji təcrübədə tələbələrin əldə etdikləri uğurlar”, “Tələbələrin dərslərə hazırlıq səviyyəsi” adlı mövzularda məruzələr ediblər.
Sonda pedaqoji təcrübəni uğurla başa vurmuş buraxılış kurs tələbələrinin “Müasir dərsdə psixoloji durum və ona rəhbərlik”, “Müasir şəraitdə formativ qiymətləndirmənin mahiyyəti”, “Təlimdə imtahan stressinin psixoloji xüsusiyyətləri” və s. mövzularda təqdimatları dinlənilib.

Hikmət Əliyev

Oxşar xəbərlər