Nazir sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Nazir sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib.
Nazir müəssisənin əməkdaşları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin sosial xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən böyük dəstəyin göstərildiyini bildirən S.Babayev diqqətə çatdırıb ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şərati ilə yanaşı, uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.
Son illərdə dövlət başçısının tapşırığı ilə görülən işlərin nəticəsi olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun bərpa-müalicə şəraiti mövcuddur. Eləcə də Heydər Əliyev Fondunun layihəsi kimi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması belə uşaqlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun genişlənməsinə səbəb olub. Bu imkanlardan maksimum istifadə etməklə, sağlamlıq imkanları məhdud uşaqların yenidən cəmiyyətə qazandırılması üçün səyləri daha da artırmaq nazirlik üçün əsas fəaliyyət prinsiplərindəndir.
S.Babayev sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Nazir uşaqların hazırladıqları əl işlərinə baxıb, onların sərgilərdə nümayiş olunması, təbliği işlərinin genişləndirilməsini tapşırıb. Müəssisənin sakinlərindən biri hazırladığı əl işini nazirə xatirə hədiyyəsi olaraq bağışlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər