Direktor, direktor müavini və müəllimlər üçün təlimlərin üçüncü mərhələsinə başlanılır

Direktor, direktor müavini və müəllimlər üçün təlimlərin üçüncü mərhələsinə başlanılır Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır.
Müsabiqənin üçüncü – müsahibə mərhələsi oktyabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (ünvan: Bakı şəhəri Mir Cəlal küçəsi 71) keçiriləcək. Bu mərhələ ilə bağlı məlumatlar namizədlərə telefon vasitəsilə bildiriləcək.
Təlimlərin keçirilməsində məqsəd müasir idarəetmə bilik və bacarığına yiyələnən, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumtəhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.
Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarə edilməsi, statistika və təhlil, maliyyənin idarə olunması, idarəetmənin hüquqi əsasları, eləcə də digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməyə qatılacaqlar. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Mətbuat Xidməti

Oxşar xəbərlər