Uşaqların zərərli informasiyadan qorunması sahəsində elmi-nəzəri problemlər araşdırılır

Uşaqların zərərli informasiyadan qorunması sahəsində elmi-nəzəri problemlər araşdırılır Müasir dövrdə informasiya texnologiyaları insan fəaliyyətinin, demək olar, bütün sahələrini əhatə edir və həyat səviyyəsinin dəyişməsinə öz təsirini göstərir. İnternetin sürətli inkişaf tendensiyası isə bu prosesə təkan verir.
İstifadəçilərə məhdudiyyətsiz və qısa zaman intervalında istənilən məlumatı tapmaq üçün unikal imkanlar təklif edən, onların informasiya cəmiyyətinin fəal üzvü kimi formalaşmasında mühüm rol oynayan internet, eyni zamanda, istifadəçilərin kibertəhlükələrlə qarşılaşmasına səbəb olur.
Böyüklərlə yanaşı, uşaqların da şəbəkədə aktivliyi müşahidə olunur. İnternetdə müxtəlif məzmunlu, ziyanlı və ziyansız məlumatların olması uşaqların virtual məkanda təhlükələrlə qarşılaşmasını reallaşdırır.
Bu barədə Tehsil-press,az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva məlumat verib.
Qeyd edib ki, virtual məkanda, əsasən də sosial mediada son zamanlar geniş yayılan pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik vasitələr, spirtli içkilər, terrorizm və bəşəriyyətə problem yaradan digər bu kimi məsələlərlə bağlı təbliğat xarakterli materiallar insanlarda arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətlər aşılaya bilir. Eləcə də, müəyyən şəxslər tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi hallarına rast gəlinir. Bütün bunlar internetdən istifadənin üstünlükləri ilə yanaşı, informasiya təhlükəsizliyi ilə bağlı bir sıra problemlərin yaranmasına yol açır və informasiyanın emalı prosesini mürəkkəbləşdirir. Bu təhlükələrin yaratdığı problemlər təkcə texnoloji deyil, eyni zamanda, sosial məsələlərin həllini tələb edir. Bu məqsədlə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda uşaqların zərərli informasiyadan qorunması sahəsində elmi-nəzəri problemlər araşdırılır. Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, uşaqlar üçün faydalı veb-səhifələrin axtarışı və əldə edilməsi üçün xüsusi metod və vasitələr tətbiq olunmalıdır. Bununla bağlı, institutda internetdən daxil olan ziyanlı kontentin qarşısının alınması məqsədini daşıyan konseptual model işlənib. Model verilənlərin sanitarizasiya metodundan istifadə etməklə ziyanlı informasiyanın qarşısının alınması və müvafiq qərarın qəbulu üçün nəzərdə tutulur. Uşaqların internetdə təhlükəsizliyinin təmini ilə bağlı yaranmış problemlərin həllində, təhsil sistemində və s. məsələlərdə bu konseptual modeldən istifadə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər