ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib

ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim və tələbələri üçün “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli film” layihəsi çərçivəsində hazırlanmış “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu, məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.
Tədbirdə millət vəkilləri Arif Rəhimzadə, Flora Qasımova, Sona Əliyeva, Qarabağ müharibəsi veteranları, hərbçilər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, qeyri-hökümət təşkillarlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Humanitar və sosial məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamlayıb və bildirib ki, universitetdə “Yüksəlişin sirri” sənədli filminin nümayiş etdirilməsi çox vacib bir hadisədir. 2016-cı ilin Aprel döyüşləri müasir tariximizin parlaq səhifəsidir. Aprel döyüşlərində xalqımızın vətənpərvər və igid oğulları böyük qəhrəmanlıq nümayiş etdiriblər. Gənclər Aprel döyüşlərində qəhrəmanlıq göstərən oğullarımızdan nümunə götürməli, xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməlidirlər.
Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə layihə çərçivəsində hazırlanmış "İgidim" marşı da nümayiş olunub. Marşın sözlərinin və musiqisinin müəllifi Gülqədəm Mirzəzadədir.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın həyat yoldaşı Badam İmanova, millət vəkili Sona Əliyeva, professor Paşa Qəlbinur, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, Xalq artsiti, Ankara Gazi Universitetinin profesoru Əflatun Nemətzadə, AZTV-nin əməkdaşı Elnar Məmmədli, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu, Filologiya fakültəsinin II tədris ili tələbəsi Aytac Əliyeva və başqaları Azərbaycanın Milli Qəhrəmanı Samid İmanova həsr edilmiş filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər və filmin pedaqoji kadr hazırlığının mərkəzi hesab edilən ADPU-da nümayiş etdirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyi və düşmən üzərində qələbəyə inam xüsusi vurğulanıb.
Sonda layihənin rəhbəri, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Məclis üzvü Akif Kərimov
tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və belə flim təqdimatlarının gənclərin mənəvi tərbiyəsinə ciddi təsir etdiyini bildirib. Qeyd edib ki, “Yüksəlişin sirri” sənədli filmi Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun qəhrəmanlığının gənclər arasında təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilibADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib

Oxşar xəbərlər