ADPU-da “Şəhadət” filminin müzakirəsi keçirilib

ADPU-da “Şəhadət” filminin müzakirəsi keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” filminin gənclərin iştirakı ilə müzakirəsi keçirilib.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Birliyin sədri Təhmasib Novruzov ölkəmizin gələcəyinin daha sağlam nəsillərə etibar edilməsinin vacibliyindən danışıb. Qeyd edilib ki, “Şəhadət” filminin gənclərlə birgə müzakirəsi həm onların Vətən sevgisinin formalaşdırılmasında əhəmiyyətli rol oynaya, həm də bu tipli filmlərə maraqlarının artırılmasına səbəb ola bilər.
Sonra “Şəhadət” filmi nümayiş olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Rəşid Paşalı, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, tələbələrdən Fatma Mirzəyeva, Nərmin Məlikova, Emin Abbasov, tələbə-gənclər təşkilatının sədri Taleh Mirzəyev və başqaları filmin məziyyətləri barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, sənədli film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara çatdırılır.
Ekran əsərinin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri komitənin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

ADPU-nun Mətbuat Xidməti


ADPU-da “Şəhadət” filminin müzakirəsi keçirilib

Oxşar xəbərlər