“Səfərnamə” əsəri İslam Həmrəyliyi İlinə töhfədir

“Səfərnamə” əsəri İslam Həmrəyliyi İlinə töhfədir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi şuranın qərarı ilə nəşr edilmiş, Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərinin təqdimatı olub.
Kitabda Qacar sülaləsinin nümayəndəsi Abbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Qacarın 1875-1876-cı illərdə Məkkəyə səfəri və Kəbə ziyarətindən bəhs olunur. Kitabı farscadan Azərbaycan dilinə tarix elmləri doktoru Tahirə Həsənzadə tərcümə edib.
Təqdimat mərasimində Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli T.Həsənzadənin geniş elmi fəaliyyətindən və tərcümə etdiyi kitabın məziyyətlərindən danışıb. O, Fərhad Mirzənin “Səfərnamə” əsərinin XIX əsr Azərbaycan tarixinin öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.
Professor Fərid Ələkbərli, dosent Əli Əliyev kitabın Osmanlı dövləti ilə Rusiya arasında müharibə ərəfəsində qələmə alınmasının hər iki dövlətin ozamankı sosial-iqtisadi, hərbi-siyasi vəziyyətinin araşdırılmasında, Qacarlar dövlətinin həmin dövrdə tarixi yerinin müəyyənləşməsində mühüm mənbə olduğunu qeyd ediblər.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musayeva və başqaları əsərin farscadan dilimizə çevrilməsinin Azərbaycan tarixşünaslığı üçün böyük əhəmiyyət daşıdığını söyləyiblər.
Əsərin tərcüməçisi və tərtibçisi T.Həsənzadə kitab üzərindəki iş prosesindən və əsərin tarix elmimiz üçün faydasından danışıb.

Hikmət Əliyev


“Səfərnamə” əsəri İslam Həmrəyliyi İlinə töhfədir“Səfərnamə” əsəri İslam Həmrəyliyi İlinə töhfədir

Oxşar xəbərlər