“Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib

“Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib Azərbaycan Kooperasiya Universitetində (AKU) “Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev bildirib ki, hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər. Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınıb. Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də digər strateji və transmilli layihələri həyata keçirə bilərdi. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaradıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə bildirib ki, son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olub. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyənləşdirilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin edib. Artıq Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasını öz həyatlarında hiss edirlər. Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir.
Konfransda Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Tələbə Elmi Cəmiyyətinin sədri Elvin Hüseynov, AKU-nun tələbələri Arif Mustafayev və Elmir Pənahlı, Sumqayıt Dövlət Universitetinin tələbəsi Gülabə Məmmədova, Bakı Biznes Universitetinin tələbəsi Cəbrayıl Qəmbərov çıxış ediblər.
Sonra bölmə iclasları olub.

AKU-nun Mətbuat Xidməti


“Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib“Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib“Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib
“Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirilib


Oxşar xəbərlər