Dünyanın təhsil mənzərəsi

Dünyanın təhsil mənzərəsi Kembric Universitetinin “Kavendış laboratoriyası”
Ceyms Maksvell: "Mən heç bir zaman insanı bu və ya digər təcrübəni etməkdən çəkindirmirəm; çünki o, təcrübə zamanı axtardığı şeyi tapmasa da başqa bir şey kəşf edə bilər."
”Kavendiş laboratoriyası”nın Kembric Universitetinin fəaliyyətində mühüm bir istiqamət təşkil etdiyini tam əminliklə deyə bilərəm. Bəs bu laboratoriya necə və nə vaxt yaranıb? Kavendiş kimdir? Əslində bu laboratoriya Böyük Britaniyada böyük bir sülalə olmuş Kavendişlərdən hansının adını daşıyır? Laboratoriya dünya elminə nələr bəxş edib?
Henri Kavendiş fizika və kimya sahəsində eksperimentlər aparıb, nəzəriyyələr yaradan görkəmli Britaniyalı alimdir. Onun təbiət haqqında fəlsəfi fikirləri zamanında böyük maraqla qarşılanıb. Müasirləri və tələbələri onu “zəngin və sehirli alim” adlandırırdılar. Məhz Henri Kavendiş 1766-cı ildə hidrogeni kəşf edib. Kavendiş öz elmi əsərlərini çap etdirməyə maraq göstərməzdi. Odur ki, onun işləri uzun illər Devonşirdə ailə arxivində toz içində qalır. Ailə üzvləri də onun xatirəsini əbədiləşdirmək barəsində düşünmürdülər. 1870-ci ildə Devonşirin rəhbərliyi Kembric Universitetində fizika laboratoriyası yaratmaq və onu təchiz etmək üçün senata müraciət edir. Bu zaman Kavendişin ailəsi görkəmli alimin əsərlərini laboratoriyanın yaradıcılarına təhvil verir. Laboratoriyanın yaradılması işi və ona rəhbərlik dünya şöhrətli alim Ceyms Maksvellə həvalə edilir. 1874-cü il iyun ayının 16-da Kavendiş laboratoriyası öz qapılarını elmi ictimaiyyətin, tələbələrin üzünə açır. O zamandan da bu laboratoriyada yalnız elmi tədqiqatçılar deyil, tələbələr də araşdırma aparmaq hüququna malikdirlər. Bu laboratoriya təkcə fiziki təcrübələr aparmaq üçün deyildi. Zaman da göstərəcəkdi ki, Kavendiş laboratoriyası böyük bir elmi mərkəz rolunu oynacaq, dünyada elmin inkişafına əhəmiyyətli töhfələr bəxş edəcək, eyni zamanda Kembric Universitetinin şöhrətini dünyaya yayacaqdı. Fəaliyyəti ərzində Kavendiş laboratoriyasına Reley, Tomson, Breqq, Rezerford kimi məşhur alimlər rəhbərlik edib, Vilson, Lanjeven, Uotson, Petr Kapitsa kimi elm adamları burada fəaliyyət göstəriblər. Dünyanın ilk elmi-tədris laboratoriyası məhz Kavendiş laboratoriyası hesab edilir.

Dünyanın təhsil mənzərəsi

Kavendiş laboratoriyasında elektron və neytronlar, atom nüvəsinin parçalanması, kütləvi spektoqraf və xətti sürətləndirici kəşf olunub. DNT-nin quruluş modeli hazırlanıb, Vilson kamerası qurulub. Qeyd edək ki, 1874-cü ildə məhz bu laboratoriyanın elmi nəşrlərində Kavendişin işləri dərc olunub, elmi ictimaiyyətə təqdim edilib. Kavendiş laboratoriyası zamanla yalnız Kembiricin deyil, dünya elminin döyünən ürəyinə çevrilib. Bu laboratoriyanın fəaliyyəti ilə Kembric Universitetindəki təhsilin səviyyəsi haqqında fikir söyləmək mümkündür. Kembric Universitetinin bu laboratoriyası haqqında məlumat axtararkən düşünürdüm ki, elmi tədqiqatların aparılması, yüksək nəticələrin əldə olunması əsas etibarı ilə elm adamlarına yaradılan şəraitdən, lazımı layihələri həyata keçirmək üçün texnoloji avadanlıqlarla təchizatdan, ümumiyyətlə elmin inkişafına göstərilən qayğıdan asılıdır. Əgər bu varsa, zaman istənilən yüksək nəticənin əldə olunmasına, böyük kəşflərə, ixtiralara yol açacaq. Kavendiş laboratoriyasından Nobel zirvəsinə yüksəlmiş alimlərin adlarına nəzər salaq. Məncə fikrimin təsdiqi üçün bu, tutarlı faktdır: Lord Reley (fizika, 1904), ser C.C.Tomson (fizika, 1906), lord Rezerford (kimya, 1908), ser Uilyam Breqq (fizika, 1915), Çarlz Qlover Barkla (fizika, 1917), Frensis Aston (kimya, 1922), Çarlz Vilson (fizika, 1927), Artur Kompton (fizika, 1927), Ouen Riçardson (fizika, 1928), Ceyms Çedvik (fizika, 1935), Corc Tomson (fizika, 1937), Eduard Viktor Eplton (fizika, 1947), Patrik Blekett (fizika, 1948), Con Kokroft (fizika, 1951), Ernest Uolton (fizika, 1951), Frensis Krik (fiziologiya və tibb, 1962), Ceyms Uotson (fiziologiya və tibb, 1962), Maks Peruts (kimya, 1962), Con Kendrü (kimya, 1962), Doroti Krouft-Hockin (kimya, 1964), Brayan Cozefson (fizika, 1973), Martin Rayl (fizika, 1974), Entoni Xyuiş (fizika, 1974), Nevill Mott (fizika, 1977), Filip Anderson (fizika, 1977), Pyotr Leonidoviç, Kapitsa (fizika, 1978), Allan Kormak (fiziologiya və tibb, 1979), Aaron Kluq (kimya, 1982), Norman Ramzey (fizika, 1989)...Bu adlar və elmi kəşfər dünya fizika kimya elmi üçün bir laboratoriya möcüzəsi adlana bilər.

Dünyanın təhsil mənzərəsi

Əminliklə deyə bilərik ki, Kavendiş laboratoriyası cəmiyyət-elm münasibətlərində, fiziki qanunlara yanaşmada yeni bir eranın əsasını qoydu. Burada elə kəşflərə imza atıldı ki, bu kəşflər dünya elmi üçün əsaslı dönüş nöqtəsinə çevrildi. Sanki meydana qoyulan bir kəşf yeni bir kəşf üçün ilham mənbəyinə çevrilir, yeni ideyaların yaranmasına yol açırdı. Bu laboratoriya fizikanın, kimyanın, biologiyanın inkişaf dinamikasını izləmək üçün ən qiymətli mənbə hesab oluna bilər. Laboratoriyanın fəaliyyətini izlədikcə aydın görmək mümkündür ki, Kavendiş Kembric universitetində mükəmməl elmi ab-hava yaradır. Bu mühit tələbələri çox asanlıqla öz təsirinə salıb elm aləminə qanadlandırır. 150 ilə yaxındır ki bu, belədir.
Kavendiş laboratoriyası yeni dövrdə
Bu gün Kavendiş laboratoriyası yeni dövrə qədəm qoyur. 2019-cu ildə laboratoriya üçün yeni, müasir elmi tədqiqat işlərinin aparılması məqsədilə standartlara cavab verən binanın tikintisi və onun avadanlıqlarla təchiz olunması planlaşdırılır. Yeni Kavendiş laboratoriyası dünya miqyaslı tədqiqatların aparılması, elmi tədqiqat qruplarnın bir məkanda birləşdirilməsini qarşıya məqsəd kimi qoyur. Laboratoriyanın yaradıcıları düşünürlər ki, intellektual qüvvələri birləşdirmək, əməkdaşlığı genişləndirməklə, elmdə daha böyük uğurlara nail olmaq mümkündür. Əməkdaşlığın genişləndirilməsi, ideyalar ətrafında birgə fəaliyyətin göstərilməsi yeni intibah dövrünə də yol aça bilər. Yeni laboratoriyanın orta məktəblərlə də əməkdaşlıq edəcəyi istisna deyil. Qeyd edim ki, yeni laboratoriyanın tikintisi və təchizatına 75 milyon funt sterlinq ayırlıb. Dünyanın elmi ictimaiyyəti əfsanəvi laboratoriyanın yeni binasının açılışını 2022-ci ildə böyük səbirsizliklə gözləyir.


Dünyanın təhsil mənzərəsi

P.S. Bəzi mənbələrdə göstərilir ki, bu elmi-tədris laboratoriyası 7-ci Devonşir hersoqu Uilyam Kavendişin şərəfinə onun adı ilə adlandırılıb. Laboratoriya yaradılan zaman Uilyam Kavendiş Kembric Universitetinin kansleri vəzifəsini daşıyıb və bu elm-tədris mərkəzinin yaradılmasına külli miqdarda vəsait xərcləyib. Lakin laboratoriyanın Henri Kavendişin adı ilə adlandırıldığını söyləyənlər də az deyil və əsl həqiqət də elə budur.

Böyükağa MİKAYILLI


Mənbə:
www.phy.cam.ac.uk
www.archive.org
www.booksite.ru
www.academic.ru
https://indicator.ru
http://www.physchem.chimfak.rsu.ru



Oxşar xəbərlər