Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
AMEA-nın prezidenti rəhbərlik etdiyi qurumun fəaliyyəti və əldə olunmuş nailiyyətlər barədə qonağa məlumat verib. O, akademiyanın gənclərin elmə cəlb edilməsi, onların beynəlxalq aləmə inteqrasiyası məqsədilə Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirdiyi elmi layihələrdən danışıb. A.Əlizadə AMEA-da elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən və AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyətindən də bəhs edib. O, qonağı “YT Park”ın infrastrukturu və həyata keçirilən layihələrlə yaxından tanış olmağa dəvət edib.
Kestutis Yankauskas Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafından, nazirliklər və dövlət agentliklərindəki görüşlərindən, müxtəlif sahələrdə həyata keçirilən proqramlardan söz açıb.
Avropa İttifaqının daha çox Azərbaycanın əsas ticarət tərəfdaşı kimi tanındığını deyən nümayəndəliyin rəhbəri təşkilatın əməkdaşlığının yalnız iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar, təhsil, mədəniyyət və digər mühüm istiqamətləri də əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu sahələrin inkişafında Avropa təcrübəsinin və yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir.
Kestutis Yankauskas, həmçinin Azərbaycanda universitetlərlə birgə həyata keçirilən layihələrdən də söz açıb. Həmin layihələr çərçivəsində yüksək təhsil üzrə müxtəlif təlimlər keçirildiyini, ali təhsil ocaqlarından tələbələrin təhsil almaq üçün Avropanın nüfuzlu universitetlərinə göndərildiyini vurğulayıb.
Ölkədə innovasiya mühitinin təkmilləşdirilməsi məqsədilə startapları və böyük innovasiyayönümlü layihələri dəstəkləməyə təşkilatın maraqlı olduğunu bildirən diplomat “YT Park” ilə yaxından tanış olmaq istədiyini bildirib.
A.Əlizadə Avropa İttifaqı ilə uğurlu əlaqələrin qurulacağına və əməkdaşlığın K.Yankauskasın ölkəmizdə fəaliyyəti müddətində daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, mətbuat və informasiya idarəsinin müdiri Zülfüqar Fərzəliyev iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər