BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib

BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi, Diplomatiya və xarici siyasət kafedralarının, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “2017-ci il İslam həmrəyliyi ili: Azərbaycanın uğurları və perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda Azərbaycan multikulturalizmi kafedrasının baş müəllimi Mətanət Şadlinskaya “2017-ci ilin iqtisadi yekunları və perspektivlər” adlı məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın son illər ərzində iqtisadi yüksəlişindən söz açaraq islam həmrəyliyini zəruri edən amillər arasında siyasi, iqtisadi və mənəvi amillərin də mövcud olduğunu diqqətə çatdırıb. M.Şadlinskaya qeyd edib ki, Azərbaycan islam ölkələri arasında iqtisadi əməkdaşlığa da mühüm töhfə vermək iqtidarındadır.
Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadiqov “2017-ci ildə Azərbaycan Respublikasının dövlət maraqları ilə bağlı əldə edilmiş nəticələr” mövzusunda çıxış edərək ölkəmizin İslam mədəniyyətinə, elminə böyük töhfələr verməsindən söz açıb. Beynəlxalq məsələlərlə bağlı fikirlər səsləndirən Oqtay Sadiqov gündəmin aktual məsələsi olan Qüdslə bağlı keçirilən konfransda Azərbaycanın sülhü, ədaləti müdafiə etdiyini diqqətə çatdırıb. Avrasiyanın mühüm nəqliyyat layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun ölkəmiz üçün əhəmiyyətindən danışan məruzəçi bildirib ki, bu marşrut Azərbaycanın iqtisadi gücünün dünyaya çatdırılmasında vacib amildir.
Sonra Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasovanın “İslam həmrəyliyi Azərbaycan gənclərinin gözü ilə” adlı məruzəsi dinlənilib. N.Elyasova vurğulayıb ki, Azərbaycan dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün tolerantlıq nümunəsi olub. O, Azərbaycan gəncinin Vətəninə, xalqına, milli-mənəvi və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb, gənclər arasında belə maarifləndirici tədbirlərin milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində əhəmiyyətli rolundan danışıb.

BSU-nun Mətbuat Xidməti


BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib

Oxşar xəbərlər