Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin məlumatı

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin məlumatı Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü əsassız və böhtan xarakterli ittihamlarla bağlı bildirmək istərdik ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də komissiya yaradılıb.
Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub.
Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar.
Bundan əlavə V.Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub.
Bununla da filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyli əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib.
Həmçinin açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna və universitetin əməkdaşlarına şər və böhtan atdığına görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib.
Araşdırma zamanı komissiyanın tədris sənədləri ilə işin vəziyyəti haqqında yekun rəyinə əsasən fakültənin dekanı Vüsalə Ağabəyli vəzifəli şəxs kimi işinə səhlənkar münasibət bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.
V. Ağabəyli əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyib, həmçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində pedaqoji müəllim heyətinin və tələbə kollektivinin qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də Azərbaycan Dillər Universitetininin nüfuzuna ziyan vurub.
Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, Vüsalə Ağabəylinin mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil.
Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər