Məhkəməsi mətbəxdə olub, köməkçisi intihar edib - Gülnarənin qızından şok etiraflar

Məhkəməsi mətbəxdə olub, köməkçisi intihar edib - Gülnarənin qızından şok etiraflar Özbəkistanın mərhum prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın həyatı ilə bağlı yeni detallar açıqlayıb.
Son beş ilin böyük bir hissəsini anası ilə birgə Özbəkistan hökumətinin girovluğunda keçirən 20 yaşlı İman ilk dəfə olaraq “The Guardian”a danışıb.
İman Kərimova bildirib ki, 2014-cü ilin əvvəlində Daşkəndə tətilə gələndə onun 15 yaşı vardı. Britaniyanın özəl məktəblərindən birində oxuyurdu. Bir gün qara paltarlı adamlar Daşkənddəki evin eyvanından mənzilə daxil olaraq, qonaq gələn dostlarını, həmçinin evdəki bütün elektronika məhsulları və sənədləri götürüb apardılar:
“Bundan sonra tezliklə bizim mühafizəçilər başqa təlimatlar aldılar. Artıq onlar mühafizəçi deyil, həbsxana nəzarətçiləri idilər. Anam babama zəng etmək istəyirdi, lakin alınmadı. Öz atasını bir də heç vaxt görmədi”.
İmanın sözlərinə görə, bu, bir neçə il davam edəcək sınağın başlanğıcı idi. Növbəti il yarımı İman və Gülnarə Daşkənd xaricindəki villada anasının iki köməkçisi ilə birgə yaşadılar. Onlardan biri 30 yaşında Valentina adlı qadın idi. İman bildirib ki, qadın uşaqlarını görməyə icazə verilməməsindən gileylənir və ailəsini öldürməklə təhdid edildiyini deyirdi. Bir gün səhər İman qadının həkimlər tərəfindən xərəkdə aparıldığını görür. Daha sonra Valentinanın ailəsindən öyrənir ki, qadın çarəsizlikdən sirkə turşusu içərək özünü öldürüb.
Qeyd edək ki, Gülnarə Kərimovanın taleyi ilə bağlı ilk dəfə rəsmi məlumat 2017-ci ildə ölkənin Baş Prokurorluğu tərəfindən yayılmışdı. Həmin vaxt məlum olmuşdu ki, Gülnarə hələ 2015-ci ildə 5 il müddətinə ev həbsinə məhkum edilib.
İmanın sözlərinə görə, əslində “məhkəmə prosesi” onun və anasının saxlanıldığı evdə baş tutmuşdu. Belə ki, 2015-ci ildə qaldıqları villaya hakim, prokurorlar və hökumət tərəfindən təyin edilən vəkillərin olduğu avtomobil korteji gəlir. Evin mətbəxində baş tutan məhkəmə saatlarla davam edir. Hökm çıxarılandan sonra İman paytaxtdakı internat evinə yerləşdirilir. Dünyadan təcrid olunmuş vəziyyətdə burada saxlanılır, zamanla anasını ziyarət etməyə icazə verilir. Anası isə birotaqlı, dəhlizi dəmir barmaqlıqlarla əhatə olunmuş evdə qalır.
Daha sonra özbək hökuməti İmana ölkədən çıxmasına icazə verir və o, yenidən Londona qayıdır. İman və qardaşı İslam Kərimov özbək hökumətindən analarının azadlığa buraxılmasını xahiş ediblər.
Onların sözlərinə görə, Gülnarə Kərimovanın səhhəti ilə bağlı ciddi problemləri var və iki əməliyyat keçirməlidir, lakin həkimə çıxışına qadağa qoyulur. Ötən günlərdə analarının həbsxanaya transfer edilməsi onları mətbuata çıxmağa vadar edib.
Gülnarənin 26 yaşlı oğlu İslam Kərimov bildirib ki, anası ağır cinayətlərdə ittiham edilir: “Bəli, o, İsveçrədə məhkəmə qarşısına çıxmalıdır, hüquqi sistemdən keçməlidir, lakin indi baş verənlər onun şəxsiyyət və ana kimi tamamilə alt-üst olması deməkdir”.
Kərimovun fikrincə, yeni hökumət qorxur ki, anası bir çox indiki elita nümayəndələrinin iqtisadi cinayətlərini ortaya çıxarar.

Tehsil-press.az

Oxşar xəbərlər