“İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda müzakirələr aparılıb

“İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda müzakirələr aparılıb İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) AMEA-nın İqtisadiyyat İnstitutu ilə birgə Mərkəzi Elmi Kitabxanada (MEK) “İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda konfrans keçirib.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Prezident İlham Əliyevin inkişafın müasir mərhələsində apardığı islahatlardan, onların ölkəmizdə gedən müasirləşmə və sürətli dirçəlişdəki rolu və əhəmiyyətindən bəhs edib, bu istiqamətdə elmin qarşısında duran vəzifələri diqqət mərkəzinə çəkib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq Azərbaycan iqtisadiyyatı şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına daha da inkişaf edib. 2019-2020-ci illərdə iqtisadi artımın daha yüksək pilləyə çıxması ilə yeni büdcə qaydaları şəraitində rəqabət qabiliyyətinin artırılması və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da genişləndirilməsi nəzərdə tutulur.
Vüsal Qasımlı deyib ki, dünyada gedən siyasi və iqtisadi proseslər, o cümlədən 4-cü sənaye inqilabı, iqlim dəyişikliyi, ticarət müharibələri, iqtisadi idarəetmə arxitekturasının dəyişilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanda yeni iqtisadi modelə transformasiyanın yekunlaşma üzrə olması ölkə iqtisadiyyatına yeni perspektivlər vəd edir. Bu ərəfədə Azərbaycanda iqtisadi elmi potensialın səfərbər olunması və ölkədə aparılan uğurlu iqtisadi siyasətə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. İİTKM öz nizamnaməsindən irəli gələn vəzifələrə uyğun olaraq islahatların təhlili və kommunikasiyasında ölkənin iqtisadiyyat məktəbinin imkanlarından geniş istifadə edir.
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli həm ölkədə aparılan islahatların elmi təminatı, həm də elmi potensialdan daha səmərəli istifadə olunması baxımından elmi-tədqiqat institutları ilə dövlət orqanlarının birgə konfranslar, elmi seminarlar, elmi-praktik müzakirələr keçirməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, strateji yol xəritələrində qoyulan vəzifələri əsas tutaraq 2017-2018-ci illərdə institut Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi istiqamətində kompleks elmi-tədqiqat işi yerinə yetirib. İnstitutun hazırlayıb beynəlxalq ekspert icmasına təqdim etdiyi metodologiya əsasında 6 sektor üzrə (sektordan asılı olaraq – 60-92 ölkə üzrə) qiymətləndirmə aparılıb. Müəyyən olunub ki, bir qayda olaraq, təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, elmin, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlüyünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir. 2019-2021-ci illərdə İqtisadiyyat İnstitutu “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” mövzusunda tədqiqat aparmağı nəzərdə tutur. Məqsəd Azərbaycanda aparılan iqtisadi islahatların effektivliyinin daha da artırılmasına töhfə verməkdir.
İİTKM-in analitiki Nərmin Kazımlı kompleks biznes islahatları çərçivəsində atılan mühüm addımlar barədə təqdimatla çıxış edib. Təqdimatda ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradan tikintiyə icazə verilməsinə vahid yanaşmanın tətbiq edilməsi istiqamətində yeni icazə qaydaları, dövlət satınalmaları ilə həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi, onlayn vahid ixrac ərizəsi və yaşıl dəhliz ilə bağlı ətraflı məlumat verilib.
Yekunda qeyd edilib ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dərin iqtisadi islahatlar müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına və sosial rifah halının yaxşılaşmasına töhfə verməklə yanaşı, elmi potensialın da güclənməsinə xidmət edir. Bu siyasətin reallaşmasında və innovativ inkişafın təmin edilməsində Azərbaycan iqtisadiyyat məktəbi həmişə yaxından iştirak edib və bu proses davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər