UNEC-də “Eduroam” xidməti yaradılıb

UNEC-də “Eduroam” xidməti yaradılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəbəkə infrastrukturunun AMEA-nın “AzScienceNet” elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşən milli “Eduroam” serverinə qoşulması təmin olunub. Bu universitetdə, həmçinin Wi-Fi və “Eduroam” xidmətlərinin yaradılması işləri həyata keçirilib.
Universitetin əməkdaşlarına “AzScienceNet” vasitəsilə ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) “Eduroam” xidmətlərindən istifadə imkanı yaradılıb. Artıq universitet əməkdaşları xarici ezamiyyətləri zamanı mütəmadi olaraq bu xidmətdən istifadə edəcəklər.
GEANT tərəfindən təqdim edilən “Eduroam” xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.
Hazırda ölkənin ali təhsil müəssisələrinə şəbəkənin təqdim etdiyi Wi-Fi, “Cloud Computing”, “Cloud Storage”, “Hostinq”, “Eduroam”, “İP Telefoniya”, LOLA paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, elektron poçt, distant tədris və s. xidmətlərdən istifadə imkanlarının yaradılması istiqamətində işlər davam etdirilir.

UNEC-in Mətbuat Xidməti





Oxşar xəbərlər