UNEC-in alimləri İsmayıllıda

UNEC-in alimləri İsmayıllıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığının və biznes subyektlərində texnologiya savadlılığının artırılması” mövzusunda seminar keçirilib.
İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində keçirilən seminar “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına uyğun olaraq təşkil edilib.
Tədbirdə UNEC-in maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov “Maliyyə savadlılığının artırılması” mövzusunda çıxış edib. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılmasının ayrıca strateji hədəf kimi qeyd olunduğunu diqqətə çatdıran professor Ə.Ələkbərov həmin sənədin müvafiq qurumlar, o cümlədən ali təhsil müəssisələri qarısında mühüm vəzifələr qoyduğunu vurğulayıb. Professor maliyyə savadlılığının ictimai dəyər kimi tanınmasının istehlakçıların maliyyə məsələləri ilə bağlı düzgün qərarlar verməsi və hüquqlarının müdafiəsinin artırılması baxımından əhəmiyyətli rol oynadığını bildirib.
UNEC-in mühasibat uçotu və audit kafedrasının müdiri, professor Sifariz Səbzəliyev ölkədə yeni standartların tətbiqinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar aparıldığını, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlərin tətbiq edildiyini bildirib.
Seminarda Azərbaycanda vergi islahatları çərçivəsində edilən dəyişikliklər, görüləcək işlər, vergi orqanları və sahibkarların birgə fəaliyyəti, bank biznesinin ən yeni formaları və s. mövzularda çıxışlar dinlənilib.
Kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirak etdikləri seminar müzakirələrlə davam edib.

UNEC-in Mətbuat Xidməti


UNEC-in alimləri İsmayıllıda

Oxşar xəbərlər