Bu il Turizm və Menecment Universitetinə 502 nəfər qəbul olunub

Bu il Turizm və Menecment Universitetinə 502 nəfər qəbul olunub Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-cu il tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə rektor İlham Mədətov “Bilik günü” münasibətilə tələbələri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. İlham Mədətov universitetin ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını söyləyib. Bildirilib ki, indiyədək 2 min 361 nəfər universitetin bakalavr pilləsini bitirib. Onlardan 216-sı magistr dərəcəsi alıb. Tələbələrdən 210-u isə bakalavr və magistr pilləsində ATMU-nun, o cümlədən Avstraliyanın IMC Krems TEU-nun diplomunu alıb.
Qeyd olunub ki, bu tədris ilində universitet tələbələrindən ümumilikdə 97-si - Türkiyədə (15), Kiprdə (16), İsraildə (55), Çində (3), Bolqarıstanda (7), BƏƏ (1) və 58 nəfərdən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub. Yeni tədris ilində ATMU-ya 13 ixtisas üzrə qəbul olunan 502 nəfərdən 257-si dövlət sifarişi əsasında, 245-i isə ödənişli əsaslarla təhsilini davam etdirəcək.
İlham Mədətov davamlı iqtisadi islahatlar sayəsində ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını, təhsil sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu, mövcud infrastrukturun yeniləndiyini, təhsil işçilərinin sosial rifahının gündən-günə yaxşılaşdığını bildirib. Rektor bunu təhsilə və müəllimlərə hörmət və ehtiramın göstəricisi kimi dəyərləndirib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. O bildirib ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. Ölkəmizin dinamik inkişafında, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasında, o cümlədən dünyagörüşünün formalaşmasında turizmin təsiri böyükdür. Deyilən fikirlər, birmənalı olaraq turizm sənayesində ixtisaslı və peşəkar kadrlara ehtiyacdan xəbər verir.
Kənan Qasımov ölkəmizdə turizm sektorunun inkişafından da söz açıb: “Son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili məhz qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafı deməkdir. Məsləhətim budur ki, Dövlət Turizm Agentliyinin strukturunda fəaliyyət göstərən ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanıb çalışqan tələbələrdən olun. Azərbaycanda hər zaman yüksəkixtisaslı və peşəkar kadrlara ehtiyac var”.
Tədbirdə AATP qrupunda təhsil alan Bəxtiyar Verdiyev ATMU ilə tərəfdaş ali təhsil müəssisəsi - Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) də diplomunu almaq üçün tələbələrə yaradılan imkandan danışıb. Hər bir tələbənin xaricdə və ölkəmizin nüfuzlu turizm müəssisələrində təcrübə keçmələrinə şərait yaradıldığını söyləyib.
Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin müəllimi Barbara Kovarribuas, valideynlər adından Mədəniyyət Nazirliyi nəzdində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Bilik günü” münasibətilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.
ATMU-ya ən yüksək balla qəbul olan Selcan Vəliyeva sevincini tələbələrlə bölüşüb.
Sonda ATMU-ya yüksək balla qəbul olan gənclərə tələbə biletləri təqdim edilib.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər