İrlandiyaya təhsil səfəri təşkil edilib

İrlandiyaya təhsil səfəri təşkil edilib İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib. Səfərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev və idarənin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev iştirak edib.
Təhsil səfəri “Məktəb inspeksiyalarında innovasiyaların tətbiqi” mövzusuna həsr edilib.
Səfərin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirmək, innovativ məktəb inspeksiyaları sahəsində qabaqcıl təcrübəni öyrənmək, inspeksiyaların şagird nailiyyətində rolu və tətbiqi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində 2 gün davam edən beynəlxalq seminarda İrlandiyanın təhsil sistemi, müəllim və şagirdlərin qiymətləndirilməsi, eləcə də innovativ məktəb inspeksiyaları və onların şagird nailiyyətinə müsbət təsiri barədə ətraflı məlumat verilib.
Daha sonra Skandinaviya ölkələri, Niderland Krallığı, Fransa, İngiltərənin OFSTED İdarəsinin nümayəndələri təhsil inspeksiyalarında tətbiq olunan yenilikləri təqdim ediblər.
Görüş zamanı Avropa Təhsil İnspektorları Assosiasiyasına üzvlük məsələsi də müzakirə olunub və növbəti ildən assosiasiyaya üzv olmaq üçün təkliflər hazırlanacağı vurğulanıb.
Qeyd edək ki, Avropa Təhsil İnspektorları Assosiasiyasına indiyədək 37 dövlət üzv olub.

BŞTİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər