“Müəllim üçün tələbənin uğurları çox vacibdir”

“Müəllim üçün tələbənin uğurları çox vacibdir” Tomris Bayramova: “Xaricdəki təhsil də insanı real həyata daha yaxşı hazırlayır”
Hər bir ölkənin inkişafı onun dünyada rəqabət qabiliyyətliliyini müəyyən edən insan potensialının hərtərəfli hazırlığından, intellektual səviyyəsindən asılıdır. Bu mənada ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Məhz bu proqram ölkəmizdə yenilikçi, müasir düşüncəli, yüksək hazırlıqlı milli mütəxəssislərin yetişməsində mühüm rol oynamışdır. Proqramın ilk məzunları artıq cəmiyyət həyatının müxtəlif sahələrində çalışmaqla Azərbaycanın inkişafında öz töhfələrini verməkdədir. “Dövlət Proqramı məzunları” rubrikasında növbəti müsahibimiz hazırda Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyində baş mütəxəssis vəzifəsində çalışan Tomris Bayramovadır. Onunla iş yerində görüşüb söhbətləşirik.
Tanıtım: 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 15 nömrəli tam orta məktəbdə alıb. Orta təhsilinin sonuncu ilində (2003-2004-cü illərdə) ABŞ-ın İndiana ştatının South Central Jr/Sr High School məktəbində oxuyub. 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnformasiya işlənməsi və idarəetmənin avtomatlaşdırılması sistemləri” ixtisası üzrə bakalavr, 2012-2014-cü illərdə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın İndiana Universitetində “Ətraf mühit siyasəti və təbii resursların idarə olunması” ixtisası üzrə magistratura təhsili alıb. Həmçinin Norveçdə ixtisası üzrə 6 həftəlik proqram keçib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GİZ) ekspert, təlimçi kimi işləyib.
- Xaricdə təhsilə necə qərar verdiniz...
- Xaricdə təhsil ən böyük arzum idi. Kinolarda gördüyümüz kimi, bir amerikalı tələbənin həyatını yaşamaq mənə maraqlı gəlirdi. Təbii ki, komfort zonasından çıxmaq, özgə ölkədə, tam fərqli bir təhsil sistemində təhsil almaq qərarı cəsarət tələb edir. Bundan əlavə, mütləq şəkildə özümə güvənməli idim, əks halda, uğursuzluğa düçar olardım.
ABŞ-ın ətraf mühit siyasəti üzrə bir nömrəli proqramında təhsil almaq bir çoxları üçün əlçatmaz bir məqsəddir. Mən də bütün istək və cəsarətimi toplayaraq, sənədlərimi hazırladım və müraciət etdim. Ən çətin, lakin daha dəyərli biliklər verən proqramda oxumaqla öz gələcək karyerama bir uğur biletini qazandım.
- Bir məzun olaraq Dövlət Proqramının əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Xaricdə təhsil üzrə DP-nin köməyi ilə mənim kimi ABŞ-da təhsili ancaq xəyal edə biləcək yüzlərlə gəncə öz arzularını həyata keçirmək imkanı yaradıldı. Proqramın ilk məzunları Azərbaycana qayıdandan, ölkədə savadlı, dünyagörüşlü cavan kadrların sayı artdı, bu isə, təbii ki, iqtisadiyyatın inkişafında öz rolunu oynayır. Proqramın real nəticələrini biz növbəti 10-15 il ərzində görəcəyik, bu zaman xaricdə təhsil almış gənclər həm dövlət, həm də özəl sektorunda ən yüksək pillələrdə işləyəcəklər.
- Ölkəmizdə istedadlı gənclərə göstərilən dövlət qayğısı barədə nə deyə bilərsiniz?
- Dövlətimiz tərəfindən gənclərə aid bir çox layihələr həyata keçirilir, həm idman, həm turizm sahələrində, həmçinin də gənclərin məşğulluğunu yüksəltmək üçün çoxlu iş aparılır. Dövlətlərarası proqramlar və Gənclər Fondunun köməyi ilə tələbələrimiz Azərbaycanda və xaricdə təhsil almaq üçün dəstəklənir. Təbii ki, bu, çox sevindirici və alqışlanası tədbirlərdir.
- Hansı universitetdə təhsil aldınız? İxtisasınız barədə bir qədər ətraflı məlumat verərdiniz...
- İndiana Universitetinin “İctimai və ətraf mühit məsələləri” fakültəsinin “ Ətraf mühit siyasəti və təbii sərvətlərin idarə olunması” proqramında oxumuşam. Ətraf mühit siyasəti və təbii sərvətlərin idarə olunması, dünyanın hazırkı vəziyyətini nəzərə alsaq, ən mühüm məsələlərdən biridir. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 17-dən 6-sı birbaşa, qalanları isə dolayı yolla ətraf mühitlə bağlıdır. Hər bir inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə xoşbəxt cəmiyyət yaratmaq üçün bütün bu məqsədlərə eyni səviyyədə diqqət ayırmalıdır. Zənnimcə, bizim ölkə də bu sahədə kifayət qədər aktivdir, misal üçün elə xaricdə təhsil üzrə Dövlət Proqramı ilə təhsil almaq məqsədilə təqaüdə müraciət etdiyim ildə də ətraf mühit prioritet sahələr arasında idi. Bu da əvvəlcə qeyd etdiklərimin əyani sübutudur.
- Azərbaycana qayıtdıqdan sonra harada işlədiniz? Hazırkı fəaliyyətiniz barədə danışa bilərsinizmi?
- Öncə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Biomüxtəlifliyin Cənubi Qafqazda İnteqrasiyalı idarəolunması layihəsində işlədim. Hazırda Azərbaycan Respublikası Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Strateji Planlaşdırma və İnnovasiyalar şöbəsində baş mütəxəssis vəzifəsində çalışıram. İşim daha çox donor təşkilatlar, xarici ekspertlərlə əməkdaşlığın qurulmasından ibarətdir. Apardığım layihələr çərçivəsində Agentliyin əməkdaşlarının bilik və bacarıqlarının artırılması, enerji tənzimlənməsi sahəsində qanunvericilik bazasının gücləndirilməsi kimi işlər görülür.
Bundan əlavə, ADA Universitetində də dərs deyirəm. Buradakı işim ətraf mühit elmi üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrə dərs verməkdən ibarətdir. Hər semestr 2-3 qrup götürürəm, bu da 100-150 tələbə deməkdir. Təbii ki, gənclərlə işləmək çox xoş və qürurverici bir təcrübədir.
- ABŞ-da öyrəndiklərinizdən yararlana bilirsinizmi?
- ABŞ-da öyrəndiklərimdən nəinki yararlanıram, həmçinin digərlərini də öyrədə bilirəm. Hər iki işdə biliklərimlə bölüşməyə çalışıram. ABŞ-da aldığım təhsil mənə çox böyük spektrli biliklər verib, buraya həm ümumi və ətraf mühit iqtisadiyyatı, xərc-fayda analizi, coğrafi informasiya sistemləri, ətraf mühit siyasəti və hüququ daxildir.
- İndiana Universitetində təhsil mühiti necə idi? Müəllim-tələbə münasibəti barədə nə deyə bilərsiniz?
- ABŞ-dakı təhsil mühitini başqa ölkələrlə müqayisə etmək olmaz. ABŞ təhsili dünyada məşhurdur və ali təhsil ocaqları hər zaman ilk onluqda, ilk yüzlükdə çoxluq təşkil edir. ABŞ-da xüsusilə də magistratura təhsilində müəllim-tələbə mühiti tam fərqlidir. Burada tələbə və müəllimlər hər zaman bir yerdə çalışır, əməkdaşlıq edir.
Müəllim üçün tələbənin uğurları çox vacibdir, hətta öz CV-lərində dövlət proqramı, təqaüdlə oxuyan tələbələrin adlarını əlavə edənlər var, çünki təqaüd sahibinə təhsil vermək ABŞ-da çox prestijli hesab olunur. ABŞ-da dərsliklər həddindən artıq bahadır, hər semestr 300-400 dollar təkcə kitablara xərcləyə bilərsən. Nəinki dərsliklər, təhsil özü də həddindən artıq çox bahadır və Dövlət Proqramının 9 il boyu yüzlərlə tələbələrə belə keyfiyyətli təhsil alması üçün yaratdığı imkan, əslində hər hansı kəmiyyətlə dəyərləndirilə bilməz. Universitetdəki həmkarlarımın bir çoxusu da bu proqramdan yararlanıb, bu isə o deməkdir ki, proqram məzunları Vətənə qayıdaraq biliklərini gənclərimizə çatdırmağı bacarır.
Hazırda dövlətimiz ölkələrarası əməkdaşlıq çərçivəsində də onlarla tələbəni hər il Avropa və Asiya ölkələrinə göndərir. Bir çox keçmiş tələbələrimin də hazırda bu proqramlardan yararlanmasına görə həm sevinirəm, həm də qürur duyuram.
- Gənclərimizə nə kimi tövsiyələriniz olardı?
- Xaricdə təhsilin ən böyük üstünlüyü, tədrisin yeni üsullarını öyrənmək, yeni dostlar tapmaq, fərqli mədəniyyətlə tanış olmaq imkanıdır. Təhsilin bir neçə pilləsini xaricdə görə bildiyim üçün bir çox şeyi müqayisə edə bilmişəm. Xaricdə gənclər çox tez bir zamanda müstəqil olmağı öyrənirlər, sanki xaricdəki təhsil də insanı real həyata daha yaxşı hazırlayır. Məktəbi bitirən kimi məktəblilər ailələrindən uzaq şəhərə, başqa ştata və yaxud başqa ölkəyə köçürlər. Valideynlər də bunu çox normal qəbul edir. İstərdim ki, bizim gənclərimiz də tez müstəqil olsunlar, sərbəst qərar verə bilsinlər.
- Gənclərimizin xaricdə təhsil almaq səylərini necə qiymətləndirirsiniz?
- Öz tələbələrimdən müşahidə edirəm ki, xaricə gedib təhsillərini orada davam etdirməyə çox can atırlar. Hazırda imkanlar da çoxdur, 20 il bundan əvvəl bu cür arzular əlçatmaz görünürdü. Əsas tələbələrdə istək olsun, dünyanın hansı yerində olursa-olsun, təhsil almağa çalışsınlar, kitab oxusunlar, elmlə “dost” olsunlar. Təhsil aldığım dövrdə hər zaman işləmişəm, birbaşa ixtisasım üzrə olmasa da, hər zaman sərbəst, müstəqil həyat sürmək üçün əməyimi və vaxtımı əsirgəməmişəm.. İnsan nəyisə bütün ürəyi ilə istəyirsə, mütləq əldə edəcək, bütün aləm ona bu işdə dəstək göstərəcək.
- Gələcək hədəfləriniz...
- Gələcək hədəfim sevdiyim işlə məşğul olmağı davam etdirməkdir. Ətraf mühitin mühafizəsi həyatımın ən böyük ehtirasıdır. Eyni zamanda, enerji sahəsində də müxtəlif islahatlarda, kiçik də olsa, öz rolumu oynamaq məni sevindirir. Lakin təbii ki, bununla kifayətlənmək istəməzdim. Bir gün təhsilimi doktorantura pilləsində davam etdirmək istərdim. Hazırda özüm də dərs dediyim üçün bunun bir daha zəruri olduğunu görürəm.
Digər tərəfdən, ətraf mühit və enerji sahələrində innovasiyaların çox olduğunu nəzərə aldıqca, ola bilsin ki, bir gün tələbələrimlə birgə hər hansı bir start-up layihə vasitəsilə qlobal problemlərdən birinin həlli üçün səy göstərmək istərdim.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər