AFFA Azərbaycan Universitetində təqdimat keçirib

AFFA Azərbaycan Universitetində təqdimat keçirib “Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcəyi oyunlarla əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə Azərbaycan Universitetinin tələbələri ilə görüşüb.
120-dən çox tələbənin iştirak etdiyi görüşdə 2020 Avropa Çempionatı və “Avro 2020 Bakı Könüllülük Proqramı” haqqında məlumat verilib.
Tədbirdə “Avro 2020 Bakı Könüllülük Proqramı”nın səfiri Taleh Yüzbəyov, proqramın meneceri Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə də iştirak edib. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb, həmçinin könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.
Görüşdə qeyd olunub ki, AFFA 2019-cu ilin mayında Bakıda ilk dəfə keçirilən UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil olunmasında könüllü tələbələrin rolunu yüksək qiymətləndirir. Bununla bağlı olaraq AFFA tərəfindən 2020 Avropa Çempionatı çərçivəsində Bakı şəhərində keçiriləcək oyunların təşkilində 2000 könüllü tələbənin cəlb olunması üçün könüllülük proqramı yaradılıb.
Çıxışlarda könüllülük proqramı və onun ötənilki uğurları haqqında məlumat verilib, Avropa çempionatının tarixi maraqlı faktlarla birlikdə təqdim olunub, eyni zamanda “Avro 2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər nəzərə çatdırılıb. Könüllülük proqramının tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacağı vurğulanıb. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçiriləcəyi bildirilib.
Qeyd edək ki, “Avro 2020 Bakı Könüllülük Proqramı”na qeydiyyat noyabrın 29-u saat 23:59-da başa çatacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalında (https://applicantportal.enterprise.uefa.com/landing ) qeydiyyatdan keçə bilərlər.

Mətbuat Xidməti


AFFA Azərbaycan Universitetində təqdimat keçirib

AFFA Azərbaycan Universitetində təqdimat keçirib

Oxşar xəbərlər