İlahiyyat İnstitutunun xarici dillərdə kataloqu çap olunub

İlahiyyat İnstitutunun xarici dillərdə kataloqu çap olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən kataloq nəşr olunub.
Rus, ingilis və ərəb dillərində çap edilən 84 səhifəlik kataloqda Aİİ haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer alıb.
Kataloq “Ön söz”, “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik siyasət”, “İxtisas proqramları”, “İlahiyyat fakültəsi”, “Kafedra və şöbələr”, “Beynəlxalq əlaqələr və əməkdaşlıq”, “Tələbələrə dəstək sistemi”, “Tələbə həyatı” və digər bölmələrdən ibarətdir.
Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov kataloqa yazdığı “Ön söz”də dini bilikləri dəqiq çatdıra biləcək, dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik, yeni nəsli düzgün yönləndirəcək peşəkar mütəxəssislərə böyük ehtiyac olduğu qeyd edib. Bildirib ki, ilahiyyat insanı təkcə öz tarixi-mədəni köklərinin dərkinə aparan yol deyil, eyni zamanda, digər konfessiyalara məxsus insanların mənəvi dəyərlərinə hörmət və tolerant münasibəti öyrədən zəruri elm sahəsidir.
Xatırladaq ki, ali təhsil müəssisəsi ölkəmizdə və dünyada din sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların məqalələrini elmi ictimaiyyətə çatdırmaq məqsədilə “Din araşdırmaları” jurnalını nəşr edir. İnstitutun idarəetmə orqanları, strukturu, elmi fəaliyyəti, mütəxəssis və elmi-pedaqoji kadr hazırlığının səviyyələri, tədrisin təşkili və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları əks etdirən “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar” toplusu, institutun yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində broşür və bukletlər də çap olunub.
Həmçinin Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə vermək məqsədilə “İlahiyyatçı” qəzeti və “İlahiyyat” jurnalı nəşr olunur.

Tehsil-press.az

Oxşar xəbərlər