Azərbaycanlı alimlər türkiyəli həmkarları ilə birgə tədqiqatlar aparacaqlar

Azərbaycanlı alimlər türkiyəli həmkarları ilə birgə tədqiqatlar aparacaqlar Türkiyənin Qars vilayətinin Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri Vedat Akçayöz və xanımı Gül Akçayöz, eləcə də Qarsda çalışan azərbaycanlı professor, musiqişünas Rafiq İmrani Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olublar.
İnstitutun direktoru, akademik Muxtar İmanovla görüşdə çıxış edən V.Akçayöz bildirib ki, səfərlərinin məqsədi Azərbaycandakı bir sıra tarixi yerləri ziyarət etməkdir. Qarsda yerləşən qədim Ani məbədi ilə bağlı tədqiqatlar apardığını deyən türkiyəli alim kompleksin bir sıra dinlərin sirlərini özündə daşıdığını, abidənin atəşpərəstliklə sıx bağlı olduğunu söyləyib.
O, apardığı 20 illik tədqiqatlar nəticəsində Ani kompleksinin türklərə məxsus olmasının sübuta yetirildiyini diqqətə çatdırıb. Alim bununla bağlı yerli folklor nümunələrinin yığıldığını, sözügedən prosesdə Folklor İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları - Sönməz Abbaslı və Tacir Qurbanovun da yaxından iştirak etdiklərini vurğulayıb.
V.Akçayöz səfər çərçivəsində, həmçinin Ani məbədini araşdırmaq üçün azərbaycanlı alimlərdən ibarət heyətin müəyyənləşdiriləcəyini bildirib.
Sonda M.İmanov qonaqlara institutun xatirə hədiyyələrini təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər