UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub.
Tədbirdən öncə rektor, professor Ədalət Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri universitetin əsas binasında şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər.
Şəhid ailələri ilə görüşən rektor, 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayaraq, onlarla qürur duyduğunu ifadə edib.
Abidənin ziyarətindən sonra tədbir bədii hissə ilə davam edib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC Yaradıcılıq Mərkəzinin və Tələbə teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırladığı tamaşa nümayiş olunub. Poema və tarixi faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı tələbələrin ifasında xüsusi məharətlə canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin ifası ilə müşaiyət olunan tamaşa iştirakçılara kövrək anlar yaşadıb.
Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsinin tələbələrinin 20 Yanvara həsr olunan rəsm əsərləri də nümayiş olunub.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər