Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub Bakı Ali Neft Məktəbində (BANM) “Wing” – Qadınlar Mühəndislikdə Hərəkatı və BANM-in birgə təşkilatçılığı ilə “İnteqrasiya olunmuş mentorluq” proqramının təqdimat mərasimi keçirilib, eyni zamanda, “Qadınlar və mühəndislik” mövzusunda mütəxəssislərlə panel müzakirələri aparılıb.
Tədbirdə “Wing”in rəhbəri Vüsalə Kazımova STEM və kompüter elmləri peşələri üzrə qızların az bir qisminin karyera qurmaq arzusunda olduqlarını diqqətə çatdırıb. O, “Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının ilk layihələrindən olan “İnteqrasiya olunmuş mentorluq” proqramı çərçivəsində məktəbli və tələbə qızların mühəndislik sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətlərin mühəndisləri ilə zəncirvarı “öyrən-öyrət” prinsipi əsasında yeni formatda əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib.
V.Kazımova qadın kadr potensialının hazırlanması işində ölkəmizdə həyata keçirilən mühüm səylərə öz töhfələrini verəcəklərini vurğulayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin faydalı təcrübə mübadiləsi və qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.
“STEM Education Azerbaijan”ın təsisçisi Ceyhun Cabbarov, Təhsil İnstitutunun əməkdaşı, “STEAM Azərbaycan”ın layihə rəhbəri İqrar Nəzərov, BP-nin qrup rəhbəri Nigar Cəlilova, “Engineering For Kids Azerbaijan”ın texniki direktoru Mario Caicedo, BMT-nin İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, innovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova panel sessiyalarında çıxış ediblər.
Panel müzakirələrdə qızlar və oğlanların fərqli fənn sahələrinə marağının təşviq edilməsi və seçimlərin formalaşmasında sosial amillərin böyük rol oynadığı qeyd olunub. Təhsil siyasətinin qızların özünəinamının gücləndirilməsi və mühəndis olmaq üçün zəruri bacarıqlarının inkişaf etdirilməsinə yönəlməsinin vacibliyinə toxunulub.
Tədbirə qatılan məktəb direktorları, müəllimlər və müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr müzakirələrdə fəal iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər