Peşə təmayüllü siniflərin şagirdləri təcrübəyə cəlb ediliblər

Peşə təmayüllü siniflərin şagirdləri təcrübəyə cəlb ediliblər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ümumi təhsil müəssisəsinin peşə təmayüllü siniflərinin şagirdləri üçün peşə təcrübəsinə imkan yaradılıb.
Təcrübəyə 9 ümumi təhsil müəssisəsindən təxminən 200 şagird cəlb edilib. Təcrübənin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir.
Təcrübə “Hilton Baku” otelində həyata keçirilib. Şagirdlər kiçik qruplara bölünərək otelin qeydiyyat, mətbəx, SPA, restoran, texniki şöbə və təhlükəsizlik departamentlərində təlim keçərək iş prosesi ilə yaxından tanış olublar. Hər bir qrup öz departamenti ilə tanışlıqdan sonra rotasiya üsulu ilə digər departamentlərlə tanışlıq imkanı əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi “Ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin təşkili” layihəsi Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsini əhatə edir. Həmin təhsil müəssisələrində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər