Gənc alimin tədqiqatları ekoloji mühitin sağlamlaşdırılmasına əhəmiyyətli töhfə verəcək

Gənc alimin tədqiqatları ekoloji mühitin sağlamlaşdırılmasına əhəmiyyətli töhfə verəcək Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işini plenar məruzələrlə davam etdirir.
Konfransda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, Bakı Mühəndislik Universitetinin kafedra müdiri, dosent Yusif Abdullayev “Aşağı qiymətli ion katalizatorun katalitik təsiri ilə karbon qazının yeni tsiklik karbonat, karbamid, karbamat və karbonilsulfatlara çevrilməsi üçün müasir nəzəriyə” mövzusunda məruzə edib. O qeyd edib ki, hazırda karbon dioksidin passiv reaksiyayagirmə qabiliyyəti olduğuna görə onun çevrilməsi üçün adətən bahalı tranzit metal katalizatorları istifadə edilir. Bu tip katalizatorların tətbiqi zamanı əldə edilmiş nəticələr metal katalizatorların bahalı olması və reaksiya şəraitinin mürəkkəb olması səbəbindən sənayedə öz əksini tapa bilmir. Aparılmış ilkin kvant kimyəvi tədqiqatlar nəticəsində müəyyən edilib ki, karbon dioksidin ammonium karbonat şəklində reaksiya sisteminə daşınması zamanı urea və digər azotlu üzvi tsiklik üzvi birləşmələri ucuz və asan əldə edilə bilən ion maye katalizatorunun sayəsində əldə etmək mümkündür.
Gənc alim qeyd edib ki, SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” layihəsi çərçivəsində nəzəri olaraq mümkünlüyü proqnozlaşdırılan reaksiyanın eksperimental təsdiqi istiqamətində elmi araşdırmalar aparılır. Karbon dioksidin dolayı qaynağı hesab olunan ammonium karbonatdan daha çox istifadə olunması ətraf mühitin ekoloji sağlamlaşdırılmasına əhəmiyyətli töhfə verəcək.
Xatırladaq ki, konfrans öz işinə martın 3-də başlayıb. Konfransa qatılmaq üçün Kanada, İspaniya, Türkiyə, Çin, Misir, Efiopiya, Gürcüstan, Almaniya, Macarıstan, Nigeriya, Filippin, Rusiya, Belarus, Ukrayna, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrdən 350-dən çox (xarici ölkələrdən 77 nəfər) gənc alim, doktorant, magistr və tələbə müraciət edib. Təşkilat Komitəsinə AMEA Rəyasət Heyətinin üzvləri, şöbə rəhbərləri və elmi-tədqiqat müəssisələrinin Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri daxil edilib. Müraciətlərin elmi və texniki ekspertizası nəticəsində 12 ölkədən 307 (xarici ölkədən 28 nəfər) gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib.
Martın 6-dək davam edəcək konfrans çərçivəsində akademiyanın müvafiq institutlarında “İntellektual sistemlər və texnologiyalar, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə)” müasir və aktual elmi istiqamətlər üzrə çıxış və təqdimatlar təşkil olunacaq. 2014-cü ildə bu mövzuda keçirilmiş ilk konfrans Neftçilər Gününə həsr olunub. Altı ildən sonra keçirilən II beynəlxalq elmi konfrans AMEA-nın 75 illiyinə həsr olunur.
Konfransda təqdim olunan məruzələr kitab şəklində çap edilib, konfrans zamanı və sonra onlayn təqdim ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər