Təhsil Nazirliyinin layihəsi UNESCO-nun onlayn platformaları arasında

Təhsil Nazirliyinin layihəsi UNESCO-nun onlayn platformaları arasında Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.
Dünyada COVID-19 koronavirus pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqetmələrinin siyahısı verilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.
2015-ci ildə Stanford Universitetinin professorları tərəfindən təsis olunmuş “Polyup” platforması real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır. Platforma hazırda 70-dən çox ölkədə istifadə edilir (ABŞ, Oman, Yunanıstan, Böyük Britaniya, Azərbaycan, İspaniya, Fələstin və s.) və Azərbaycan dili də daxil olmaqla 26 dildə fəaliyyət göstərir.
2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda 90 məktəbdən ümumilikdə 1000-dən çox müəllim və 10000 şagird “Polyup” layihəsinə qoşularaq fəal şəkildə respublika üzrə keçirilən müsabiqələrdə iştirak edirlər. 2019-cu ilin fevral ayından başlayaraq Azərbaycan üzrə 10 “Poly” müsabiqə həyata keçirilib. Müsabiqələrdə qalib gələn müəllim və şagirdlər müxtəlif qiymətli hədiyyə və sertifikatlarla təltif olunublar. Bundan əlavə, müəllim və şagirdlərin portal vasitəsilə beynəlxalq müsabiqələrdə iştirak imkanları da mövcuddur.
Qeyd edək ki, hazırda Təhsil Nazirliyi “Polyup” platformasındakı resursları teledərslərə və www.video.edu.az portalında yerləşən digər videoresurslara da inteqrasiya edir. Nəticədə şagirdlər dərs mövzuları üzrə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini əyani şəkildə anlayırlar. Azərbaycanda tətbiq olunan bu təcrübədən artıq digər ölkələrdə də faydalanırlar.

Tehsil-press.az

Oxşar xəbərlər