Siyavuş Novruzov: "Azərbaycanda bütün resurslar koronavirusla mübarizəyə səfərbər edilib"

Siyavuş Novruzov: Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçirilib.
Komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır.
Layihə barədə danışan Siyavuş Novruzov adları çəkilən sənədlərə təklif olunan redaktə xarakterli düzəlişlər barədə məlumat verib. Qeyd edilib ki, düzəlişlərə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlərinə diqqət daha da artırılır.
Onlayn iclasda iştirak edən komitənin sədr müavini Elşən Musayev, komitə üzvləri Nizami Cəfərov, Kamran Bayramov, Malik Həsənov, Fəttah Heydərov, Cavid Osmanov, Tahir Rzayev, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Səttar Möhbalıyev, Aqil Məmmədov, Emin Hacıyev, Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirərək, dəyişiklikləri məqsədəuyğun hesab ediblər.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra onlayn iclasda cari işlərdən danışılıb, Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti müzakirə edilib.
Siyavuş Novruzov çıxışında bildirib ki, Koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizədə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görülür. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır, vətəndaşlara sosial dəstək göstərilir.
İclasda çıxış edən komitə üzvləri Koronavirus pandemiyası ilə əlaqədar dövlət və Heydər Əliyev Fondu tərəfindən görülən işləri, həyata keçirilən sosial tədbirləri yüksək qiymətləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər