Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib Milli Məclisin elm və təhsil komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Komitənin sədri İsa Həbibbəyli ötən sessiya ərzində görülən işlərdən danışıb. Bildirilib ki, 2017-ci il payız sessiyasında komitənin üç iclası keçirilib, bu iclaslarda 21 qanun layihəsi müzakirə olunub. Bu qanunların əksəriyyəti payız sessiyasında parlamentin müzakirəsinə tövsiyə edilib. “Peşə təhsili haqqında” Qanunun hazırlanmasından söhbət açan İsa Həbibbəyli bildirib ki, sənədlə bağlı işçi qrup iki dəfə toplanıb, deputatlar tərəfindən verilən faydalı təkliflər nəzərə alınıb. Bu sənəd də tam təkmil şəkildə parlamentin müzakirəsinə tövsiyə edilib, yaz sessiyasında baxılmaq üçün gündəliyə salınıb. Payız sessiyası dönəmində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 162 müraciət daxil olub. Bu müraciətlər baxılması üçün komitə adından müvafiq orqanlara göndərilib və tam əksəriyyəti müsbət həllini tapıb.
İsa Həbibbəyli payız sessiyası dönəmində komitədə 34 vətəndaşın qəbul edildiyini, onların qayğı və problemlərinin həllində lazımi kömək göstərildiyini söyləyib.
Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məqbul hesab edilib.
Sonra komitə sədri yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı məlumat verib. Bildirilib ki, qarşıdakı sessiya müddətində komitədə “Tələbə kreditləri haqqında”, “Ümumi təhsil haqqında” yeni qanun layihələrinin və digər sənədlərin hazırlanaraq müzakirəsi planlaşdırılır. Müzakirələrdən sonra yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Təhsil-press.az

Oxşar xəbərlər