Elmi tədqiqatların informasiya təminatında UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti

Elmi tədqiqatların informasiya təminatında UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti Əsası 1930-cu ildə qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90 illik yubileyini qeyd edir. Bu illər ərzində sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və digər sahələrdə yüksəkixtisaslı mütəxəssislər yetişdirən UNEC ölkədə iqtisadi inkişafın əsas beyin mərkəzlərindən birinə çevrilib.
Məqalədə deyilir ki, təhsilalanların, professor-müəllim heyətinin, tədqiqatçıların günbəgün artmaqda olan informasiya tələbatını ödəmək, yerli və xarici informasiya resurslarına girişi təmin etmək artıq 1 ildir yeni strukturda fəaliyyət göstərən UNEC Kitabxana-İnformasiya Mərkəzinin prioritet vəzifələrindəndir. Qeyd edim ki, 1930-cu ildən başlayaraq universitetdə kitabxana da fəaliyyət göstərir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana da fəaliyyətini dayandırmalı olub, fonda böyük zərər dəyib. Sonradan kitabxananın fəaliyyəti 1966-cı ildən bərpa edilib və əsaslı kitabxana kimi işini davam etdirib. 2019-cu il aprelin 15-dən etibarən əsaslı kitabxananın bazasında UNEC Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılıb. Mərkəzin strukturuna əsaslı kitabxana, 24/7 kitabxana, 1 saylı, 2 saylı, 4 saylı tədris binalarının kitabxanaları daxildir. UNEC KİM ümumilikdə Azərbaycan, ingilis, rus və türk dillərində 80 166 nüsxə kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzimizin fondunda görkəmli iqtisadçı alimlərin, həmçinin dünyanın aparıcı nəşriyyatlarından olan “Springer”, “Pearson”, “Global Edition”, “EBSCO”, “Nobel”, “McGrawHill”, “Beta” və digər nəşriyyatlara məxsus iqtisadiyyatın müxtəlif sahələrinə dair kitabları yer alır.
Bu gün iqtisad elmi üzrə fundamental əsərlərin Azərbaycan dilinə tərcüməsi istiqamətində UNEC professor-müəllim heyəti mühüm iş görür, təhsilalanlara və professor-müəllim heyətinə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaradır. Bu tərcümə nəşrlərindən tədris və təlim texnologiyaları üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevin tərcüməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun elmi redaktəsi ilə “Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin təhlili” (Hayek F.A.), dosent Anar Rzayevin tərcüməsi və redaktəsi ilə “Geoiqtisadiyyat” (İ.P. Çyornaya), “Geoiqtisadiyyat. Dünya iqtisadi məkanının mənimsənilməsi” (E.Q.Koçetov), “Beynəlxalq iqtisadiyyat” kitabları, professor Ədalət Muradovun elmi redaktəsi, rektorun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə və Təhmasib Əlizadənin tərcüməsi ilə “Dördüncü sənaye inqilabı” (Klaus Şvab), UNEC-in müxtəlif kafedraları tərəfindən tərcümə edilən “Milli iqtisadiyyat”, “İnstitusional İqtisadiyyat. Yeni institusional iqtisadi nəzəriyyə”, “İdeologiya və siyasət”, “Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi” və başqa kitabları sadalamaq olar.
Kitablarla yanaşı, 24-ü jurnal, 16-sı qəzet olmaqla, ümumilikdə 40 adda yerli və beynəlxalq dövri nəşrə də abunə olunub. UNEC KİM-in fondunda Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllim heyətinin namizədlik və doktorluq dissertasiyaları, onların avtoreferatları da toplanıb.
UNEC-də milli elektron resursların istifadəsi ilə yanaşı, beynəlxalq “EBSCO” və “Web of Science” elektron platformalarına abunə olunub, “İPR books” və “De Gruyter” resurslarından müddətli istifadə təmin edilib, universitetin daxili şəbəkəsində 1000.000-na yaxın elektron resursa çıxış əldə edilib. Mərkəz üzrə ümumi 400-ə yaxın oxucu yeri olan kitabxanada sürətli internetlə təmin olunan 75 kompüter oxucuların istifadəsinə verilib.
Tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri rektor Ədalət Muradovun təşəbbüsü ilə ölkə universitetləri arasında ilk dəfə olaraq 7 gün 24 saat fəaliyyət göstərən 24/7 kitabxanasının yaradılması olub. 2019-cu il ərzində fasiləsiz rejimdə xidmət göstərən 24/7 kitabxananın, eləcə də yeni təmirdən çıxmış müasir standartlara cavab verən 1 və 2 saylı kitabxanaların fəaliyyəti ilə oxucu davamiyyətində də xeyli artım olub, bu göstərici mərkəz üzrə il ərzində 147 520 nəfər təşkil edib. Bu oxuculara 49 223 nüsxə kitab, jurnal və digər resurslarla xidmət həyata keçirilib. Təkcə 2020-ci ilin yanvar ayı ərzində mərkəz üzrə oxucu davamiyyəti 14980, istifadə edilmiş ədəbiyyat 630 nüsxə, elektron resurs 3678 olub.
UNEC Kitabxana-İnformasiya Mərkəzi universitetimizin və kitabxanamızın dəyərli nəşrlərini müxtəlif sərgi-yarmarkalarda nümayiş etdirməklə ölkənin elmi-mədəni həyatında və gənclərin mütaliə mədəniyyətinin inkişafında da fəal iştirak edir. İlk dəfə 2019-cu il sentyabrın 27-29-da VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında UNEC KİM Dövlət İqtisad Universitetini təmsil edib. Ümumilikdə 5000-dən çox ziyarətçinin baş çəkdiyi UNEC KİM-in stendində universitetin və mərkəzin fəaliyyəti barədə zəngin məlumatları və maraqlı faktları əks etdirən rolaplar, posterlər, bukletlər, üzərində UNEC-in adını və loqosunu, mərkəzin adını əks etdirən bloknot və qələmlər, dörd dildə (Azərbaycan, türk, ingilis, rus) ən yeni yerli və beynəlxalq nəşrlər nümayiş etdirilib və böyük maraqla qarşılanıb. Yarmarkanın son günündə UNEC KİM ailəsi təşkilat komitəsi tərəfindən diplomla təltif edilib.
2019-cu il UNEC-in tarixində daha bir yeniliklə yadda qalıb, 2019-cu il noyabrın 28-29-da UNEC-də respublikada ilk dəfə olaraq “Universitetlərarası I Kitabxana Forumu” təşkil edilib. Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı keçirilib, UNEC KİM-in 1 saylı kitabxanasının açılışı olub, geniş kitab sərgisi və “TEAS-Press” nəşriyyatı tərəfindən endirimli kitab satış-yarmarkası təşkil edilib, UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Universitetlərarası 1-ci Kitabxana Forumunda təhsil sistemində universitet kitabxanalarının funksionallığının artırılması, tələbələrə və tədqiqatçılara daha açıq və əlçatan olması, onların öz resurslarını və xidmətlərini ali təhsil müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə inteqrasiya etməsi kimi bir sıra məsələlər müzakirə edilib, universitet kitabxanalarının gələcək inkişafı üçün mühüm təkliflər irəli sürülüb. Oxuculara virtual kitabxana-informasiya xidməti həm UNEC-in saytı, həm də sosial şəbəkələr vasitəsilə həyata keçirilir.
2020-ci ildə dünyanı ağuşuna almış koronavirus - COVID-19 infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Mövcud sosial izolyasiya və ciddi karantin rejimində UNEC, eləcə də Kitabxana-İnformasiya Mərkəzi öz fəaliyyətini onlayn rejimdə davam etdirir. Pandemiya dövründə UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları sosial şəbəkələrdə “evdə qal, oxumaqdan qalma” həştəqi altında açıq girişi olan və abunə olduğumuz bazalardan, müxtəlif kitablardan istifadə üzrə, həmçinin elm, təhsil, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət və s. sahələr üzrə maraqlı faktları diqqətə çatdırmaqla fəal paylaşımlar edir, onlayn sorğu-məlumat xidmətləri həyata keçirir, virtual sərgilər hazırlayırlar. UNEC-in təşkilatçılığı ilə may ayında “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda respublikanın aparıcı universitetlərindən kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssislərinin iştirakı ilə onlayn vebinar keçirilib. Bundan əlavə, UNEC-in 90 illik yubileyi ilə əlaqədar universitetin saytında UNEC-in professor-müəllim heyətinin, görkəmli iqtisadçı alimlərin kitablarından ibarət “90 il Azərbaycan iqtisadiyyatının xidmətində”, “UNEC-in xarici nəşrlər fondu” adlı virtual sərgilər hazırlanıb. UNEC-in Karyera Mərkəzi və Kitabxana-İnformasiya Mərkəzi tərəfindən UNEC-in “Facebook” canlı videomüzakirə təşkil olunub. Yay sessiyası ərəfəsində UNEC-in elektron kitabxanasından və beynəlxalq elektron resurslardan istifadə qaydaları ilə bağlı təhsilalanların sualları cavablandırılıb. Kitabxana resurslarının və onlayn xidmətlərin istifadəsi baxımından oxucular üçün faydalı olan bu canlı efirin videoyazısı UNEC-in saytı və başqa sosial platformaları vasitəsilə də ictimailəşdirilib. Onu da qeyd etmək yerinə düşər ki, ümumilikdə karantin dövründə bu və başqa kommunikasiya vasitələrilə 3167 oxucuya onlayn xidmət həyata keçirililib.
Bu gün UNEC KİM-də görülən işlər, reallaşdırılan yeni layihələr onu deməyə əsas verir ki, Azərbaycan elminin və iqtisadiyyatının daha da inkişafına, dünya arenasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən UNEC-də keyfiyyətli informasiya mühiti formalaşdırılır, yüksək intellektli iqtisadçı kadrlarda informasiyadan istifadə səriştəsi, yeni bacarıqlar və informasiya etikası inkişaf etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər