BDU-nun rektoru Tələbə Nəzarət Qrupunun üzvləri ilə görüşü

BDU-nun rektoru Tələbə Nəzarət Qrupunun üzvləri ilə görüşü Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ilə BDU Tələbə Nəzarət Qrupunun üzvləri arasında onlayn görüş keçirilib. Rektor qrupun üzvlərinə böyük etimad göstərildiyini qeyd edərək onların Universitetdə imtahan sessiyasının gedişi, tələbələrin imtahanlara hazırlığı, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini bildirmələrinin vacib olduğunu, mövcud problemlərin birlikdə aradan qaldırılması üçün təkliflərinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tələbə Nəzarət Qrupunun üzvləri iyunun 8-dən başlayaraq keçirilən imtahan sessiyasına tələbələrin aktiv qoşulduğunu, imtahan prosesində şəffaflığın təmin olunduğunu bildiriblər. Çıxışlarda BDU Elmi Şurasının imtahan sessiyasının təşkili haqqında qərarının tələbələr tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olunduğu və yaradılmış şəraitin onlarda stimul yaratdığı qeyd olunmuşdur. Daha sonra qrupun üzvləri imtahan sessiyasının işinin yüksəldilməsi üçün öz təkliflərini irəli sürmüş, tələbələrin istək və arzularını rektora çatdırmış, təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, BDU Tələbə Nəzarət Qrupu tələbələri onlayn mühazirələrdə fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılıb. BDU Tələbə Nəzarət Qrupuna Universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər