UNEC-90: İnklüziv təhsil inklüziv cəmiyyətə gedən yoldur

UNEC-90: İnklüziv təhsil inklüziv cəmiyyətə gedən yoldur İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təhsil sistemləri sosial dəyişikliklərə uyğun yeni təhsil konsepsiyaları hazırlayır və texnologiyalar tətbiq edirlər. Prioritet sahələrdən biri vətəndaşların bərabər təhsil hüquqlarının təmin olunmasına əsaslanan inklüziv təhsildir. Müasir dövrdə inklüziv təhsil dünyada mütərəqqi təhsil sistemi kimi qəbul edilib. İnklüziv təhsilə keçid məsələsinə elmi yanaşma və təhsil zəncirində bütün xalqların iştirakı zəruri istiqamətlərdir.
Bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovanın “UNEC-90: İnklüziv təhsil inklüziv cəmiyyətə gedən yoldur!” sərlövhəli məqaləsində əksini tapıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) son illər ölkənin və regionun qabaqcıl ali təhsil ocağı kimi inklüziv təhsilin inkişafında da nümunəvi addımlar atır. Humanist strategiyasına əsaslanaraq, UNEC-də əlilliyi olan gənclərin təhsil imkanları daha da yaxşılaşdırılır. Xatırladaq ki, 2013-cü ildə Azərbaycan Dövlət İqtisadi Universiteti Xəzər Universitetinin koordinatoru olduğu “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsinə tərəfdaş olaraq qoşulub. Azərbaycan Dövlət İqtisad Universiteti Elmi şurasının 2015-ci il 2 oktyabr tarixli qərarı ilə UNEC İnklüziv Təhsil Mərkəzi yaradılıb. Mərkəz yarandıqdan sonra 5 il müddətində ali təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud olan tələbələrin sayı 3 dəfə artıb. Hazırda UNEC-də 62 əlilliyi olan tələbə təhsil alır. UNEC İnklüziv Təhsil Mərkəzinin əsas məqsədi ali təhsil müəssisələrində əlilliyi olan tələbələr üçün təhsil imkanlarının artırılmasından və onların təhsilə tam inteqrasiya edilməsidir. Mərkəz öz məqsədlərinə nail olmaq üçün əsasən bu vəzifələri həyata keçirir: əlilliyi olan tələbələrin təhsil imkanları və resursları ilə təmin edilməsi, bu tələbələrin təhsilə motivasiyası və cəlb edilməsi üçün imkanlar yaradılması, əlilliyi olan tələbələr üçün könüllülük əsasında həyata keçirilən təlim kurslarının təşkili, eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi, cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması.
Bütün bunlarla yanaşı, universitet rəhbərliyinin dəstəyi ilə İnklüziv Təhsil Mərkəzi UNEC-də təhsilin müvafiq formasının innovativ inkişafı istiqamətində tədbirlər həyata keçirir. Məsələn, inklüziv təhsil üzrə tədris və təlim modullarının hazırlanması, tədris materiallarının təkmilləşdirilməsi, professor-müəllim və inzibati heyətin bacarıqlarının artırılması, UNEC-də təhsil alan tələbələrə inklüziv təhsil modulları üzrə təlimlər keçirilməsi, müəllimlər üçün fərdi tədris planlarının tərtibi, tətbiqi və qiymətləndirilməsi ilə bağlı təlimatlar hazırlanması bu qəbildən olan tədbirlər sırasındadır. Həmçinin universitetdə fəaliyyət göstərən bütün strukturların daxil olduğu inklüziv təhsil şəbəkəsinin yaradılması, eləcə də inklüziv təhsil sahəsində mövcud siyasət və qanunvericiliyin təkmilləşdirilməsi üzrə müəyyən təkliflər verilməsi, inklüziv təhsil sahəsində ictimai maarifləndirmə qeyd olunan tədbirlər sırasındadır.
UNEC İnklüziv Təhsil Mərkəzi yarandığı ilk gündən Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli və xarici ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir və birgə tədbirlər həyata keçirir. Bu tədbirlərdən bəzilərini ölkədə UNEC-in “bir ilkə atdığı imza” olaraq qəbul etmək olar.
2016-cı ilin noyabrında UNEC ilə Moskva Dövlət Humanitar-İqtisadiyyat Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb. Azərbaycan–Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya – Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda təşkil etdiyi konfrans çərçivəsində imzalanan saziş iki universitet arasında inklüziv təhsil sahəsində əməkdaşlığın yaradılmasını nəzərdə tutur. Saziş UNEC-in əlilliyi olan şəxslərin ali təhsilə cəlb olunması, bu sahədə müvafiq infrastrukturun yaradılması və tədris prosesinin məzmununun uyğunlaşdırılması sahəsində qeyd olunan Rusiya universitetinin təcrübəsindən faydalanması üçün hüquqi baza yaradır. Ayrıca bu sazişlə Azərbaycanda ilk dəfə inklüziv ali təhsildə ikili diplom proqramı həyata keçirilib.
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfransda xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlar və bu sahədə aparılan işlər müzakirə edilib. Elə həmin il UNEC, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” dövlət proqramları çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaradılması və onların məşğulluq imkanlarının genişləndirilməsi olub. Əlilliyi olan şəxslər üçün ilk dəfə təşkil olunan bu yarmarkada 47 özəl şirkət tərəfindən 160-dan çox vakansiya təqdim edilib. Bu, xüsusən əlilliyi olan gənclər üçün təşkil edilən ilk əmək yarmarkası idi. Tədbir, həmçinin ölkədə istedadlı ali təhsilli əlilliyi olan gəncləri önə çıxardı və cəmiyyətə çağırış etmiş oldu. Həmin tədbirdən sonra işəgötürənlər tərəfindən əlilliyi olan gənclərə fərqli yanaşma müşahidə olunur. Belə ki, təşkil olunan yarmarkadan sonra 104 nəfər sağlamlığı məhdud gənc daimi işlə təmin olundu. UNEC İnklüziv Təhsil Mərkəzi əlilliyi olan tələbələrin məşğulluqla bağlı məsələlərin həlli yolunu araşdırmaqda davam edir. Belə ki, SOCAR AQŞ, Gilan Holdinq, “Veysəloğlu” və “Deloitte Azerbaijan” şirkətləri məzunları daimi işə qəbul edib. Son iki ildə 12 nəfər əlilliyi olan UNEC məzunu işlə təmin olunub.
UNEC İnklüziv Təhsil Mərkəzi fəaliyyətini gücləndirmək məqsədilə respublikanın bir neçə qurum və təşkilatları ilə memorandumlar imzalayıb. Belə ki, əlilliyi olan gənclərin həyata daha asan inteqrasiyası üçün birgə tədbirlərin təşkili məqsədilə 2018-ci ildə Əlil Təşkilatları İttifaqı ilə iş birliyinə başlanılıb. UNEC tələbələrin tədris prosesində yaranan hər hansı psixoloji, loqopedik və digər problemlərinin aradan qaldırılması üçün “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi ilə 2019-cu ilin dekabrın 13-də saziş imzalayıb.
Vurğulamaq lazımdır ki, UNEC-in əlilliyi olan tələbələri universitetin bütün tədbirlərində - konfranslarda, seminarlarda, görüşlərdə, eləcə də Erasmus beynəlxalq tələbə mübadilə proqramlarında iştirak edirlər. Onlar sosial həyatlarında da fəaldırlar. Məsələn, mütəmadi olaraq UNEC-in tələbə təşkilatlarının dəstəyi ilə kino, teatr, konsertlər və digər sosial-mədəni tədbirlərdə iştirak edirlər. UNEC İnklüziv Təhsil Mərkəzi vaxtaşırı təlimlər həyata keçirir. Təlimlər əlilliyi olan şəxslərin hüquq və imkan bərabərliyi prinsiplərini izah etmək, əlilliyi olan insanların qarşılaşdığı maneələri müəyyənləşdirmək və onları aradan qaldırmağın yollarını tapmaq və sair mövzuları əhatə edir.
Qısa müddətdə yaradılmasına baxmayaraq UNEC İnklüziv Təhsil Mərkəzi təcrübəli kadrları, maddi-texniki bazası və uğurlu fəaliyyət planı ilə böyük layihələrə imza atır və inklüziv təhsilin inkişafına töhfə verir.

Tehsil-press.az

Oxşar xəbərlər