UNEC-də distant təlimlərə start verilib

UNEC-də distant təlimlərə start verilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə avqustun 31-də onlayn təlimlərə start verilib.
Sentyabrın 4-dək davam edəcək təlimlər “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunub. Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, Corc Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəsi olan Anadolu Universitetinin professorları tərəfindən keçiriləcək. Təlimçilərin təqdimatları dörd dildə (Azərbaycan, rus, ingilis, türk) tərcümə olunaraq iştirakçıların e-mail ünvanlarına göndəriləcək.
Təlimlər ödənişsizdir və UNEC müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin müəllimləri də qeydiyyatdan keçərək iştirak edə bilər. Hazırda 1200-dək müəllim təlimdə iştirak etmək üçün qeydiyyatdan keçib. Təlimlərdə 10 məruzəçi distant və ənənəvi təhsillərin oxşar və fərqli xüsusiyyətləri, distant təhsilin informasiya-resurs təminatı, müvafiq sahədə interaktivliyin təmini, mühazirə dərslərinin təşkili üsulları, sərbəst işlərin yerinə yetirilməsi qaydaları, tələbə motivasiyasını yüksəldən tədris metodları, tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı), seminar-məşğələlərin təşkili və qiymətləndirmə üsulları mövzularında çıxış edəcək.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər