Bakı Slavyan Universitetində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Slavyan Universitetində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi, Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Microsoft Teams” platforması vasitəsilə keçirilən beynəlxalq konfransın plenar iclasını giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva iştirakçılara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, müasir dövrümüz üçün aktual əhəmiyyət kəsb edən beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri aparılıb. Konfransa təqdim olunan məqalələr hərtərəflidir və təhsil sahəsinin bir çox istiqamətlərini əhatə edir. Fikir və təcrübə mübadiləsi, qabaqcıl beynəlxalq təcrübənin, innovativ metod və üsulların öyrənilib tətbiq edilməsi baxımından bu konfrans böyük əhəmiyyət kəsb edir. Belə konfranslar inkişafa, tərəqqiyə, gənc nəslin təlim-tərbiyəsinə, gənclərin yüksəkixtisaslı kadrlar və layiqli vətəndaş kimi formalaşmalarına xidmət edir.
Rektor qeyd edib ki, Azərbaycan xalqı bu gün böyük Qələbənin sevincini, qürurunu yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, çevik və dinamik fəaliyyəti, sərkərdəlik məharəti, möhtəşəm diplomatiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təmin edildi. Nurlana Əliyeva bildirib ki, hazırda koronavirus pandemiyası səbəbindən BSU-da tətbiq olunan distant təhsilin səmərəli təşkili üçün bütün tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi bu istiqamətdəki fəaliyyətimizə lazımi dəstək verir.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun moderatoru olduğu konfransda tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, İspaniyanın Valensiya Politexnik Universitetinin professoru Javier Orozko-Messana, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova, Polşadakı Azərbaycan Evinin rəhbəri, magistr Lalə Zeynalova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasdan sonra konfrans öz işini 4 bölmədə - “ Filologiya elmləri” , “İctimai elmlər”, “Xarici dillər və onların tədrisi metodikası” və “Pedaqoji və psixoloji elmlər” bölmələrində davam etdirib. Bölmə iclaslarında məruzələr dinlənilib, maraqlı və səmərəli müzakirələr aparılıb , filoloji elmlər sahəsində gələcək əməkdaşlıq perspektivləri ilə bağlı dəyərli fikirlər irəli sürülüb.
Sonra bölmə moderatorlarının hesabatları dinlənilib, konfransın yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, eyni zamanda, elm və təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir dövrümüzün yeni çağırışlarına uyğun olaraq innovativ tədqiqatların daha da genişləndirilməsi üçün müvafiq qərarlar qəbul edilib.
Konfransın sonunda iştirakçılar sertifikata layiq görülüblər.
Qeyd edək ki, konfransda Rusiya, Türkiyə, Çin, Macarıstan, Polşa, İspaniya, Çexiya, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğız Respublikasının tanınmış universitetlərinin, elmi müəssisə və təşkilatlarının, həmçinin respublikamızın ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının alimləri, orta ixtisas təhsili müəssisələrinin və orta ümumtəhsil məktəblərinin nümayəndələri, gənc tədqiqatçılar iştirak ediblər. Konfransın “Filologiya elmləri” bölməsinə 114 (dil, dilçilik üzrə 54, ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi üzrə 60) məqalə, “İctimai elmlər” bölməsinə 23 məqalə, “Xarici dillər və onların tədrisi metodikası” bölməsinə 59 məqalə, “Pedaqoji və psixoloji elmlər” bölməsinə 31 məqalə təqdim olunub. Çap üçün topluya salınmış məqalələrin sayı 227-dir. Konfransın materialları ayrıca toplu şəklində çap ediləcək və sertifikatlarla birlikdə iştirakçılara göndəriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər